Devrilmiş diktatorun və ailəsinin şəxsi vəkili Livana qaçdı
Misirin devrilmiş diktatoru Hüsnü Mübarək və onun ailəsinin şəxsi vəkili Fərid əd Dib məhkəmədə beş günlük bəraət çıxışından sonra ünvanına gələn hədələr üzündən ölkəni tərk etməli olub. Misirin “Məsrəvi” qəzetinə məlumat verən Fərid əd-Dibə yaxın mənbələrin sözlərinə görə, vəkil son aylar Mübarəkin əleyhdarlarının, ölən və yaralanan nümayişçilərin ailələrinin təzyiqlərinə məruz qalıb. Vəkil Qahirədə məhkəmə prosesinin davam etməsi ilə əlaqədar Misirin paytaxtını tərk edə bilmirdi. Ancaq Fərid əd Dib Polis Akademiyasında öz çıxışından dərhal sonra ilk reyslə Livanın paytaxtı Beyruta gedib. Onun Misirə nə vaxt qayıdacağı isə məlum deyil.
Xatırladaq ki, Hüsnü Mübarək, onun oğulları, həmçinin daxili işlər naziri Həbib əl-Ədli və onun 6 müavininin işi üzrə məhkəmə prosesi ötən ilin avqustundan bəri davam edir. Misirin keçmiş ali rəhbərliyi ötən ilin yanvarında dinc nümayişçilərə atəş açılmasında və korrupsiyada ittiham edilir. Prokurorlar son məhkəmə iclasında Mübarək barəsində edam cəzasının çıxarılması vəsatətini qaldırıb. Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
İnformasiya şöbəsi