Gənc Əli Kərimli, yaşlı Əli Kərimli

AXCP Rəyasət Heyətinə keçirilən son seçkinin nəticəsi bu ölkədə siyasət haqqında düşünənlərin əlinə əhəmiyyətli bir fakt verdi. Rəyasət Heyəti AXCP-nin ali orqanıdır. Məhdud sayda üzvü var. Bu gün üçün Rəyasət Heyəti üzvlərinin sayı 25 nəfərdir. Onların ikisi – Asif Yusifli və Əbülfəz Qurbanlı məhz son seçkidən sonra Rəyasət Heyətində yer aldılar. Asif Yusiflinin 38, Əbülfəz Qurbanlının 30 yaşı var. Bu çağacan AXCP Rəyasət Heyətində yaşı 30-un həndəvərində olan daha 4 nəfər vardı…

Beləliklə, bu günə olan mənzərə – AXCP-nin ali orqanında təmsil olunanların hər beşindən biri gənc sayılacaq insanlardır. Heç bir ictimai-siyasi qurumda bu vəziyyət yoxdur, bunu tam əminliklə yazmaq olar. Ağıl yaşda yox, başdadır – bunu bilirik. Ancaq bu gün AXCP-nin yüksək orqanına seçilən gənclərin ağlına şübhə edənlər, inanmıram ki, tapılsın. Onların hər birinin intellektual və mənəvi keyfiyyətləri həmyaşıdları arasında daim seçilib.
Bu yaş məsələsini xüsusilə, bir məsələ ilə əlaqədar qabartmağı vacib saydım. Azərbaycandakı avtoritar rejim siyasi müxalifəti, onun təşkilatlarını gözdən salmaq üçün bu illər ərzində bol əmək xərcləyib. Müxalifəti gözdən salmaq üçün min bir “arqumentlər” müzakirəyə buraxılıb. Insaf naminə deyilməlidir ki, bu “arqumentlər” də nəticəsiz qalmayıb. Indi yan-yörəmizdə “əşi, indiki müxalifət qocalıb, cavanlara qabağa getməyə imkan vermirlər” deyənlərin heç də hamısı Ramiz Mehdiyev, Ilham Əliyev adına bulaqlardan su içənlər deyil. Doğrudan da, səmimi olaraq, səthi dəyərləndirmə ilə belə düşünənlər var. Buyursunlar, belələri AXCP-dəki son seçkini və ölkənin ən avanqard siyasi təşkilatının ali orqanının tərkibini gözdən keçirsinlər. Inanmıram ki, abırlı adamlar bu faktları görəndən sonra yuxarıdakı sözləri dilə gətirsin…
Ümumiyyətlə, yaş tənqidinə görə AXCP ikiqat zərərdədir. Çünki bu partiyanın sədri Əli Kərimli çox cavan vaxtlarından uzun müddət böyük siyasi iddialar uğrunda çarpışdığına görə sağdan-soldan o ki var, tənqid qəbul edib. Nə hikmətdirsə, bu tənqidçilərin ölçü şkalasında Əli Kərimli üçün orta yaş yoxdur. Belələri üçün Əli Kərimli ya çox cavan idi, ya da artıq indiki kimi, çox yaşlıdır.
Biz belə aktyorun həsrətindəydik!
Gənc Tamaşaçılar Teatrının aktyoru Ilqar Cahangirovun “Azadlıq” radiosunda çılpaq həqiqətləri dilə gətirməsi günümüzün ən vacib olaylarındandır. Ilqar bəy əsl ziyalı mövqeyi ilə bizi sevindirdi. O, teatrlarda Ilham Əliyevə pərəstiş kabusunun dolaşdığını, ölkənin mədəni halını gücləndirəcək qurumun daxilən deformasiya etdiyini açıq mətnlə dilə gətirdi. Ilqar bəy 2-3 ildir 3-4 teatrın təmir olunub xalqın gözündə yaradılan “mədəniyyət ocaqlarımız inkişafdadır” görüntüsünün reallıqda “üstü bəzək, altı təzək” olduğunu ifşa etdi. Sağ olsun!
Əlbəttə, yaxın günlər Ilqar müəllimə xoş anlar vəd etmir. Yəqin, onu da “işə səhlənkar münasibətinə görə” qovacaqlar. Olsun, işi həmişə tapmaq olur, ancaq belə nümunələri həmişə yaratmaq mümkün deyil. Ölkənin mədəniyyət sektorundan bu cür etirazçı səsin gəlməsinə çox həsrət idik…
Mən həmişə bir məsələyə təəccüblənirdim: axı bu adamlar zülm-zillət içində yaşarkən, nə üçün bu qədər üzüyola olsunlar?
Elə keçən həftə Gənc Tamaşaçılar Teatrında tamaşadaydım. “Şeyx Sənan”a baxmağa gələnlər heç zalın üçdə ikisini doldurmamışdı. Mənim ürəyim ağrımışdı. Axı, bu əmək sərf olunan tamaşaya insanlarımız necə laqeyd qala bilərdilər, deyə düşünmüşdüm. Amma indi hər şey aydındır. Cəmiyyət sənət adamlarımızı əvvəlcə şəxsiyyət kimi tanımaq istəyir. Mənim sarsılmaz inamım belədir: ictimai dəyəri və mövqeyi olmayan insan səhnədə Qırat kimi kişnəsə də, xeyri yoxdur, o, alqış üzünə həsrət qalacaq. Dörd bir yanında cövlan edən şərə, ədalətsizliyə susub, səhnədə ədalət uğrunda qılınc çalmaq çox gülməlidir.
Ilqar bəy, açdığınız cığır mübarəkdir!