Nemət Pənahlı həbsə düşəndən bəri onun haqqında yazmaq istəyirəm. Lakin yazmıram. Çünki çox həssas məsələdi mənimçün adamın həbsdə olmağı. Allah qapısını açsın.
Anası Sara xanımla müsahibəni oxuyanda gördüm ki, demək istədiyim sözün əvvəlini ana deyib. Məncə, artıq yüngülvarı da olsa, yazmaq olar.
Ana deyir:
“Bilirsiz, 88-ci ildə Nemət bu xalqın sevimlisi olub, Milli Istiqlal Mübarizəsinə rəhbərlik eləmiş bir adam kimi tanınıb, sevilib. Açıq danışacam, mənim oğlumu nüfuzdan salan yeganə şey onun Heydər Əliyevi müdafiə etməsi oldu. Dedilər ki, elə bu Heydər Əliyevin adamı imiş. Cəmiyyət bunu Nemətin ayağına az qala cinayət kimi yazdı”.
Nemətin xalq hərəkatına liderlik elədiyi dövrdə mən ordu sıralarındaydım. Xalqın ayağa qalxmasına sevinməkdən və şeirlər yazmaqdan başqa əlimdən bir şey gəlmirdi. “Sümüyümə düşən hava” şeirini də elə o vaxt, 1989-da Moskvada yazdım:
“Çəkilin, tuş gəlməsin kimsə daşıma indi,
Sümüyümə düşən hava gəlir başıma indi”.
Bu xalqın sümüyünə düşən “oyun” havasının axır ki, başına gəldiyini və bundan sonra qarşısında kimsənin dura bilməyəcəyini düşünürdüm. Yenə də düşünürəm. Çünki yenə də bu xalq havalanmaq üzrədir. Bir imperiya ilə baş eləyən xalq bir recimlə də bacaracaq.
…Heydər Əliyevin ölkə rəhbərliyini ələ alması üçün iş aparılırdı. Nemət də onlardan biriydi. Bundan hələ xeyli əvvəl Elçibəylə düz demirdi, mitinq keçirirdi, təhqir eləyirdi, onun eybəcər karikaturalarını verdirirdi qəzetində. Həmin vaxt həm təbliğatın, həm də sayalığın, siyasi savadsızlığın, tarixi bilməməzliyin nəticəsində yüz minlərlə, bəlkə milyonlarla adam H.Əliyevə inanırdı, “möhkəm əl” arzulayırdılar; yadımdadı, həmin vaxt Ramiz Rövşən bir yazısındamı, müsahibəsindəmi toplumun bu “möhkəm əl” arzusunda, öz sözümlə desəm, bir “qadıncalığın” yatdığını demişdi. Bu, böyüyüb “əzazil” kişinin hakimiyyətə, ailə başçılığına gəlməsilə nəticələndi ki, sonradan o “qadın”, arzusunun illüziyadan başqa bir şey olmadığını anladı, it kimi peşman oldu. Ancaq məhkəmələr də o əzazilin əlində olduğuna görə boşanma, üzülüşmə alınmadı, rəhbərlik isə xalqla o izdivacdan doğulan oğula keçdi. Nemət də tarix üçün dərs oldu – meydanlarda xalqı idarə edə bilmək hələ xalqı irəli, doğru yolla apara bilmək deyil. Bu, artıq peşəkar siyasətçilərin, anadan siyasətçi kimi doğulanların işidi.
Müsahibədən də anlaşılır ki, Nemət tutulmamışdan hər şeyi evdə, ata-anasına danışırmış. Demək, yanıldığını hələ hazırlanmış seçki siyahıları onun əlinə keçəndə anlamış və Əliyevdən ayrılmışdı. Ayrılsa da, ata Əliyevin zamanında danışmadı. Oğul Əliyev isə heç bir müqəddəsliyi, mənəvi borc anlayışlarını qəbul eləmir, onun siyasəti “vur-tutum, tut-vurum” siyasətidi. Mənə qarşısan, demək, sənin yerin içəridədi. Dili kəsilməyənlərin ya ömrü, ya azadlığı kəsilməli!
Bir yanlış inamla bu xalq hardan-hara gəldi. Əlbəttə, bu inamı Nemətin cinayəti sayacaqlar. Bu inam bu xalqa hansı zülmlərə başa gəlib! Nə qədər cinayətlər, qanlar, qətllər, xəyanətlər, mənəviyyatsızlıqlar, parçalanma, istibdad, talanma, simasızlaşdırma və sair və ilaxır. Kim ödəyəcək bütün bunların, bu itirlmiş illərin, ömürlərin bədəlini? Yenidən bu xalqı öz sifətini alması üçün neçə illər gərəkəcək!
Neməti atasının yasına buraxmadılar. Sara ana deyir: “Atası deyirdi ki, Nemət bunların yolunda nə əziyyətlər çəkdi, Allah bu zülmü yerdə qoymaz”. Allah heç nəyə əl uzatmır, anam. O, sadəcə, başdan mizanı elə qurub ki, hər şey ədalətlə tapır yerini. Bizim üstümüzə düşən sadəcə doğruya inanmaqdı. Bəs bu gün doğru kimdi? Hər halda Iblis deyil. Bizim inandığımız bu…