İranda hakimiyyət təmsilçilərinə qarşı terror aksiyaları davam edir. Lent.az-ın İran informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, İslam Respublikasında sünni alimlərdən biri Mövləvi Mustafa Çingizi ötən gün sui-qəsd nəticəsində öldürülüb. Onunla birlikdə daha bir nəfər də həlak olub.
Çingizi Sistan-Bəlucistan əyaləti Rask şəhərinin imam cüməsi idi. Onun davamlı şəkildə “sünni-şiə birliyi” yönündə fəaliyyət göstərdiyi də məlumatda öz əksini tapıb.
Hakimiyyət iddia edir ki, ölkənin bu bölgəsində sünnilər və şiələr uzun illərdir dinc yanaşı yaşayırlar. “Bu mehribanlığa zərbə vurmaq üçün düşmən bu sayaq terrorlar törədir”.
Bu olaydan bir gün əvvəl isə İranın Qərbində, Xürrəmabad şəhərində iki motosikletçi hərbçilərə odlu silahdan atəş açıb. Yerli informasiya vasitələrinin məlumatına əsasən, atəş sonucunda bir zabit həlak olub, biri isə yaralanıb. Olay barəsində yalnız dünən məlumat yayılıb.
Müşahidəçilərin sözlərinə görə, hərbi hava qüvvələrinin bazasına hərəkət edən hərbçilər dəstəsinə iki motosikletçi yaxınlaşaraq, atəş açıblar. Bundan sonra həmin qara motosikletçilər gizlənə biliblər. Öldürülən hərbçi 43 yaşlı Əlirza Fimanidir. Onun hərbi rütbəsi və vəzifəsi haqda məlumat yayılmayıb. Səid Birənd isə boynundan və ayağından yaralanıb.
İranda iki terror: bir din xadimi, bir hərbçi öldürüldü
•