Sergey Lavrov: «Prezidentlər bəyan etdilər ki, tərəqqiyə nail olmaq üçün maksimalist mövqedən geri çəkilmək lazımdır»
“Soçidə Rusiya prezidentinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Ermənistan prezidentləri kəskin mövqedən çəkilməyin zəruriliyini etiraf edib və mövqeləri yaxınlaşdırmaq üçün səyləri davam etdirməyə hazır olduqlarını bəyan ediblər”. Bu açıqlamanı jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov verib.
“Azərbaycan və Ermənistan prezidentləri bəyan etdilər ki, tərəqqiyə nail olmaq üçün maksimalist mövqedən geri çəkilmək lazımdır. Prezidentlərin üçtərəfli görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsipləri ilə bağlı razılaşdırılmamış məsələlər kompleks şəkildə müzakirə olundu. Tərəflər konkret mürəkkəb mövzularla bağlı fikir mübadiləsi apardılar və bu qənaətə gəlindi ki, işi davam etdirmək lazımdır. Görüş iştirakçıları ümumi prinsipləri üzərində işi davam etdirmək və daha sonra bu baza əsasında sülh sazişinə dair hüquqi sənədin hazırlanmasına keçmək barədə razılığa gəldilər”.
Lavrov qeyd edib ki, Rusiya vasitəçi və ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün səylərini davam etdirəcək(APA).
***
Soçi görüşü bəyanatla başa çatdı
Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş üçtərəfli görüşü başa çatıb. APA-nın məlumatına görə, görüşün nəticələri əsasında Birgə Bəyanat qəbul olunub.
“Prezidentlər bəyan ediblər ki, intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılması istiqamətində irəliləyiş əldə olunub. Sülh sazişi hazırlanmasına keçidin mühümlüyünü nəzərə alan Azərbaycan və Ermənistan prezidentləri bu günə kimi görülmüş işlər nəzərə alınmaqla əsas prinsiplər üzrə razılaşmaların əldə olunması prosesini sürətləndirməyə hazır olduqlarını bəyan ediblər”.
Bəyanatda bildirilir ki, prezidentlər İlham Əliyev və Serj Sarkisyan Rusiyanın və ATƏT-in Minsk Qrupunun digər həmsədrlərinin vasitəçilik missiyasını yüksək dəyərləndiriblər: “Prezidentlər təsdiqləyiblər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün əsas vasitələrdən biri tərəflər arasında humanitar əlaqələrin inkişafıdır. Bununla əlaqədar Azərbaycan və Ermənistan prezidentləri ziyalılar, elmi və ictimai dairələrin təmsilçiləri arasında dialoqun inkişaf etdirilməsinə dəstək verməyə hazır olduqlarını bildiriblər”.
Hər üç prezident həmsədrlərin ATƏT sədrinin xüsusi nümayəndəsi ilə birlikdə qoşunların təmas xəttində təhqiqatın keçirilməsi mexanizminə dair hazırladıqları hesabatı nəzərə alıb və bu işi davam etdirməyi tapşırıblar.
***
Soçidə Rusiya, Azərbaycan v Ermənistan prezidentlərinin üçtərəfli görüşü başlayıb. APA-nın məlumatına görə, görüş Soçi yaxınlığındakı “Krasnaya Polyana” iqamətgahında keçirilir.
Qeyd edək ki, görüş Rusiya prezidentinin vasitəçiliyi ilə baş tutub. Bu, üçtərəfli formatda keçirilən sayca onuncu görüşdür