Türkiyədə Əliyevlərin ifşası güclənir

“İlham Əliyev Ankaraya qarşı müharibə elan edib”

Türkiyəyə soyuq münasibətinə görə Azərbaycan iqtidarının qardaş ölkə mediasında tənqidi davam edir. Daha bir yazı Türkiyəyə satdığı təbii qazın qiymətində Azərbaycanın güzəşt etmədiyinə həsr olunub. Yazı “Türkiye” qəzetində dərc edilib və qardaş ölkənin əksər eıektron informasiya vasitələrində “günü manşeti” olaraq tirajlanıb. Hayrettin Turanın qələmə aldığı “Qadaş “qaz”ığı (kələyi – red.)” başlıqlı yazını təqdim edirik:

***

Ankaraya qarşı sanki soyuq müharibə başlatdı

Azərbaycan naminə dünyanın reaksiyasını gözə alıb Ermənistanla münasibətləri normallaşdırma prosesini saxladıq. Ancaq, Rusiya belə təbii qazda qiymət endirimi edərkən, qardaş ölkə bu təklifimizi rədd etdi.
Türkiyə ən çətin günlərində qardaşlıq borcunu yerinə yetirərkən Bakı rəhbərliyi Ankaranı son illərdə daha çox tək qoymağa başladı. Heydər Əliyevin vəfatından sonra hakimiyyətə gələn oğlu İlham Əliyev, xüsusilə son iki ildə Ankaraya qarşı sanki soyuq müharibə başlatdı. Bakıda Türk Şəhitliyindəki bayraqları endirtəcək qədər işi irəli aparan, bu ölkədə oxuyan və işləyən Türkiyə vətəndaşlarının gündəlik həyatında davamlı çətinliklər çıxaran Bakı rəhbərliyi, Fransanın sözdə soyqırım qanunu fonunda Parislə münasibətlərini gözlə görünən səviyyədə artırmağa qərar verdi.

Fransanı tərcih etdi

Türkiyə ABŞ və AB-nin təzyiqlərinə baxmayaraq, Ermənistan sərhəd qapısını və hava sahəsini bağlı saxlamağı davam etdirərkən Bakı ilə Paris arasında dostluq qrupuna (Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupu nəzərdə tutulur – red.) prezident Əliyevin həyat yoldaşı Mehriban Əliyevanın başçılıq etməsi Ankarada xəyal qırıqlığına səbəb oldu. Fransadakı erməni qanununa qarşı tək bir addım belə atmayan Əliyev rəhbərliyinin bu rəftarının son iki ildir davam etdiyini bildirən diplomatik dairələr, Xarici İşlər Nazirliyinin bunu ictimaiyyətə açıqlamadığına diqqət çəkirlər.
Azərbaycanın bu fransız heyranlığına baxmayaraq, Nikola Sarkozi Qarabağ məsələsində Ermənistanın yanında yer alır. Azərbaycan, buna baxmayaraq, Minsk qrupunun həmsədri olan Fransanın prezidenti Sarkoziyə “tərəfsizliyini itirdin, kənara çəkil” demir.

Ruslar endirim etdiyi bir vaxtda belə…

Azərbaycanın Türkiyə əleyhinə etdiyi bununla da məhdud qalmadı. Rusiyada Putin rəhbərliyinin Türkiyə ilə uzun müddətli əlaqələri nəzərə alaraq təbii qaz qiymətində böyük endirimə getdiyi bir vaxtda belə, qardaş Azərbaycan həm qiymət artımı etdi, həm də Türkiyəyə yüz milyonlarla dollarlıq zərər verdi. Bakı rəhbərliyinin hər il milyardlarla dollar qazanc əldə etdiyi BTC boru xəttindən Türkiyənin 150 milyon dollarlıq zərər gördüyü ifadə edildi.