Rusiyanın NTV telekanalı baş nazir və prezidentliyə namizəd Vladimir Putinə qarşı indiyədək edilmiş sui-qəsd cəhdləri barədə xüsusi təhqiqatı efirə verib. Telekanalın bildirdiyinə görə, Putinə qarşı bir neçə sui-qəsd cəhdi olub, lakin onlardan ən təhlükəlisi 2002-ci ildə Bakıda baş verib və həyata keçirilməyə çox yaxın olub. Bildirilir ki, Putini 2002-ci ilin yanvarında prezident kimi Bakıya səfəri zamanı öldürmək istəyiblər. “Bu, Putinə qarşı sayca üçüncü və ən yaxşı təşkil edilmiş, real sui-qəsd planı idi” – deyə telekanalın aparıcısı bildirib.
Məlum olur ki, sui-qəsdin icraçısı İraq vətəndaşı Kənan Rüstəm olub. O, Əfqanıstandakı “əl-Qaidə” düşərgələrində təlim keçib, Üsəma bin Ladenin adamları ilə təmasda olub. Xüsusi xidmət orqanları planın üstünü açmaq üçün çox peşəkar işləyiblər. Putinin Bakıya səfərinə üç ay qalmış Azərbaycan xüsusi xidmət orqanları məlumat alıblar ki, Rusiya prezidentinə qarşı sui-qəsd hazırlanır. Putinin səfərinə təxminən 10 gün qalmış isə Bakıda xüsusi xidmət orqanları artıq Azərbaycana partlayıcı maddələrin gətirildiyi və planı həyata keçirəcək şəxslərə verildiyini müəyyən ediblər.
Bildirilir ki, Azərbaycan tərəfi sui-qəsd barədə informasiyaları dərhal Rusiya tərəfinə çatdırıb və birgə əməliyyat nəticəsində planın iştirakçıları saxlanılıb. Telekanalın bildirdiyinə görə, bu cəhddən bir ay sonra Putini öldürmək üçün Kremlin ərazisinə keçən şəxs saxlanılıb.
Həmin ilin noyabrında isə Moskvada Putinin kortejinin keçdiyi yola partlayıcı qoyulduğu məlum olub. NTV Putinə qarşı cəmi 6 sui-qəsd cəhdi olduğunu bildirir, bir neçə dəfə isə o avtomobil qəzasına düşüb. Telekanalın sui-qəsdlər haqda proqramının prezident seçkiləri ərəfəsində Putinin imicini yüksəltmək üçün efirə verildiyi təxmin edilir.