Avropanın müxtəlif ölkələrində yaşayan 40 minə yaxın türk qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinə etiraz olaraq Fransanın paytaxtı Parisdə aksiya keçiriblər. Əllərində Türkiyə, Azrbaycan və Əlcəzair bayraqları tutan etirazçılar paytaxtın mərkəzi meydanından qanun layihəsinin müzakirəyə çıxarılacağı Fransa Senatına doğru yürüş ediblər.
Aksiya iştirakçıları Ermənistan və Türkiyə tarixçiləri ilə birlikdə keçmişə nəzər salınmasına razı olduqlarını, ancaq bu məsələdə qərar verilməsinin parlament üzvləri və ya senatorların işi olmadığını bildiriblər. Etirazçılar bu qanun layihəsinin təkcə beynəlxalq əlaqələrə deyil, Türkiyə vətəndaşlarına da təsir edəcəyindən narahat olduqlarını bəyan ediblər. Mitinq iştirakçıları Fransa prezidenti Nikola Sarkozi əleyhinə şüarlar da səsləndiriblər.
Xatırladaq ki, Fransa parlamentinin aşağı palatasında qəbul olunan qanun layihəsinin hələ Senatda dəstəklənməsi lazımdır. Ancaq sənədin aşağı palatada qəbulundan sonra Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fransa ilə ikitərəfli siyasi və iqtisadi əlaqələri, həmçinin hərbi əməkdaşlığı dayandırıb və ölkəsinin səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Informasiya şöbəsi