aliyev-turkey

İlham Əliyev özü niyə mövqe bildirmir?

Türkiyədən gələn açıqlamalarda bu istəyə eyham vurulur

Elxan Şahinoğlu: «Birinci şəxs səviyyəsində mövqenin bildirilməməsi iqtidarın konkret planının olmaması ilə bağlıdır»

Son zamanlar Türkiyə-Azərbaycan münasibətlərində yaşananlarda sezilən xətt ondan ibarətdir ki, Ankara Bakıdan Fransanın “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərarlarla bağlı konkret mövqe nümayiş etdirməsini gözləyir. Bu məqama Ərdoğana yaxın media orqanlarında bir neçə dəfə işarə vurulub. Elə “Yeni Şəfəq”də dərc olunan məqalələri də bu qəbildən saymaq olar. Özü də Türkiyə bu konkret mövqenin ifadəsini Azərbaycanda 1-ci şəxsin dilindən istəyir. Türkiyə parlamentarilərinin Bakıya səfəri zamanı bu bir daha diplomatik dil ilə bəlli edildi. Amma Azərbaycan tərəfi bütün bunları görməzliyə vuraraq, yalnız hökumət təmsilçilərinin şifahi bəyanatları ilə kifayətlənmək fikrindədir. Bəs Azərbaycanın 1-ci şəxs səviyyəsində konkret mövqe ifadə etməməsi nəylə bağlıdır?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlunun sözlərinə görə, demokratik ölkələrdə birinci şəxslərin ağrılı və günün aktual məsələlərinə dərhal reaksiya vermə, münasibət bildirmə praktikası var. Bu praktikanın Türkiyədə də geniş yayıldığını deyən E.Şahinoğlu vurğuladı ki, Ərdoğan və ya Gül hər gün hansısa məsələyə münasibət bildirir: “Bu həm şayiələrin qarşısını almaq, həm də insanlara alternativ fikir çatdırmaq baxımından vacibdir. Rusiyanı demokratik ölkə adlandırmaq olmaz. Buna baxmayaraq, Medvedev və Putin də ictimaiyyəti, opponentlərini narahat edən suallara aydınlıq gətirməyə çalışırlar. Təəssüf ki, Azərbaycan hakimiyyəti haqqında bunu söyləmək çətindir. Fransa məsələsi bunun ən bariz nümunəsidir. Bu gün Türkiyə və Azərbaycan ictimaiyyəti, siyasi dairələri və mətbuatının diqqəti Fransanın atacağı addımlara yönəlib. Buna rəğmən, Azərbaycan prezidenti Ilham Əliyevin Fransa parlamentinin qərarına münasibəti haqqında kimsə nəsə eşidibmi? Halbuki, bu günlərdə dövlət başçısı Nazirlər Kabinetini toplayaraq geniş məruzə etmişdi. Azərbaycan və Türkiyə ictimaiyyəti  ”Fransa Senatı “erməni soyqırımı”nı inkar edən qanun layihəsini təsdiqləyərsə, rəsmi Bakı bu ölkənin ATƏT-in Minsk qrupu həmsədrliyi ilə bağlı məsələ qaldıracaqmı” sualına Ilham Əliyevdən cavab eşitmək istəyir. Digər hakimiyyət nümayəndələrindən isə ümumi sözlər eşidirik: “Azərbaycan Türkiyənin yanındadır”, “Türkiyənin problemi bizim də problemdir” və s.
Türkiyənin 4 millət vəkili Bakıya gəldiyinə diqqət çəkən E.Şahinoğlu vurğuladı ki, məqsəd Bakının Fransa ilə bağlı atacağı addımları müəyyənləşdirmək idi. E.Şahinoğlunun sözlərinə görə, səfər zamanı buna qədər heç bir addım atmayan Azərbaycan hakimiyyəti millət vəkillərinin Bakıda olduğu iki gündə nəsə etməyə çalışdı. Fransanın Bakıdakı səfiri Xarici Işlər Nazirliyinə çağırıldı, Senata məktub göndərildi.
E.Şahinoğlunun fikrincə, elə bu cür açıqlamaların nəticəsidir ki, rəsmi Bakı Türkiyə hakimiyyətinin onların siyasətindən razı qaldığını ətrafa bəyan edir. Bunun belə olmadığı, münasibətlərin çətin sınaqdan keçdiyi isə adi vətəndaşa da bəllidir: “Əlbəttə, Ankaradakı dairələr Ilham Əliyevə nəzarət etdikləri mətbuat vasitəsilə də mesaj yollaya bilərlər. Ancaq problemləri açıq şəkildə dilə gətirib, həll yolları ətrafında geniş fikir mübadiləsinə də ehtiyac var. Hadisələrin inkişafı göstərir ki, tərif yağışı Türkiyə-Azərbaycan münasibətlərinə xeyir gətirmir və gətirməyəcək”.
Azərbaycanın 1-ci şəxs səviyyəsində baş verənlərlə bağlı münasibət bildirməməsinə gəlincə, E.Şahinoğlunun fikrincə, bu, Azərbaycan iqtidarının konkret planının olmaması ilə bağlıdır.
Xəyal