Eldar Mahmudov Aydın Əliyevi rüsvay edib

MTN-nin son “terror” məlumatı gömrük şefini qəzəbləndirib

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bu günlərdə terror aktına hazırlıqda, qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən bir qrup şəxsin ifşa olunması barədə yaydığı məlumat Dövlət Gömrük Komitəsində (DGK) ciddi narazılığa səbəb olub. Bu barədə “Azadlıq”a DGK-dakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, DGK-nın rəhbərliyi MTN-nin məlumatını qurumun nüfuzuna zərbə kimi qiymətləndirib.
Oxucuların diqqətinə çatdıraq ki, MTN-nin sözügedən məlumatında bildirilir ki, Rasim Əliyev, Əli Hüseynov, əvvəllər adam oğurluğu, quldurluq kimi xüsusilə ağır cinayətlər törətdiyinə görə barəsində axtarış elan edilmiş, hazırda Iranın Ərdəbil şəhərində yaşayan Balaqardaş Dadaşov  və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhərində fəaliyyət göstərən xarici ölkə vətəndaşları olan ictimai xadimlərin xidməti fəaliyyətlərinə son qoymaq məqsədilə onların həyatına sui-qəsd, yəni terror aktı etməyə hazırlıq işləri aparıb.
Onlar məqsədlə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək Iran istiqamətindən Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirib.
Məlumatda silah sursatın gömrük nəzarətindən kənar keçirilməsi faktı DGK rəhbərliyini qəzəbləndirib. Çünki bununla faktiki olaran gömrük komitəsinin yerində olmadığı göstərilib. Halbuki DGK-nın məlumatlarında komitənin yüksək səviyyədə fəaliyyət göstərdiyi, hətta narkotacirlərin bədənində belə gizlətdiyi narkotik maddələri aşkar etdiyi bəyan edilir. Məlumatda vurğulanır ki, Aydın Əliyev məlumatın bu şəkildə yayılmasını qərəz hesab edir.

Informasiya şöbəsi