Qohumu ARDNŞ şefini pis vəziyyətdə qoyub

Keşlə qəsəbəsindəki qanunsuz evlər Rövnəq Abdullayevin qohumu Mehbalı Əliyevin dövründə tikilib

Bir neçə gün əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Keşlə qəsəbəsində qanunsuz tikililərin sahibləri ilə görüşdü. Həmin görüşdə çıxış edən Rövnəq Abdullayev bildirib ki, ARDNŞ qanunsuz tikililərin sökülməsi ilə bağlı iddia qaldırarkən əsas məqsədi yaşayış evlərinin sökülməsindən daha çox, onların qanunsuz olmasını göstərmək və baş verə biləcək bədbəxt hadisələrə görə ARDNŞ-ın məsuliyyət daşımayacağını öncədən ortaya qoymaqdır: “Yəni əvvəlcədən sübut edirik ki, bu tikililərin qanunsuz olması məhkəmə yolu ilə təsdiqlənib”.
Son parlament seçkilərində bu ərazidən deputat seçilən Rövnəq Abdullayev bir daha qanunsuz tikililərin sahiblərinə burda yaşamağın təhlükəli olduğunu xatırladıb: “Unutmayın ki, bura radiasiya zonası olduğuna görə uşaqlarınızın, gələcək nəsillərin həyatı üçün də problem yaradır. Sizə yüz faiz təminat verirəm ki, bu ərazidəki evlər sökülməyəcək, amma bir problem olsa, buna siz özünüz məsuliyyət daşıyacaqsınız. Lazım gələrsə, ARDNŞ istifadə olunmayan başqa ərazilərdən torpaq ayıra bilər ki, ərazidəki qanunsuz tikililər sökülsün. Biz ev sökmək niyyətində deyilik və heç kimin də evinə dəyməyəcəyik. Kimin evi sökülsə, ona başqa yerdə şərait yaradılacaq”.
Əldə etdiyimiz məlumatlara görə, Rövnəq Abdullayevin sakinlərlə görüşüb onlara izahat verməsi və arxayın salmaq cəhdi səbəbsiz deyil. Məsələ burasındadır ki, həmin qanunsuz evlərin inşa olunduğu ərazi Nizami rayonunun sabiq icra başçısı Mehbalı Əliyevin dövründə satılıb. Mehbalı Əliyev isə Rövnəq Abdullayevin yaxın qohumudur. Bu fakt ARDNŞ araşdırma apararkən ortaya çıxıb. Rövnəq Abdullayev ehtiyat edib ki, həmin evlər söküləcəyi təqdirdə vətəndaşlar bu məsələni ictimailəşdirə bilər. Və nəticə onsuz da hakimiyyətin qara siyahısında olan Mehbalı Əliyev üçün çox pis olar. Digər tərəfdən, həm Rövnəq Abdullayevin özü, həm də onun başqa bir qohumu Sədaqət Vəliyeva Nizami rayonundan deputat seçilib. Evlərin sökülməsi seçiciləri onların üzərinə qaldıra bilər.

Informasiya şöbəsi