AzTV ənənəvi olaraq 20 Yanvar şəhidlərinin anım günündən cansız reportaj verir. Diktor Rafiq Həşimov üyüdüb-tökür. Təxminən belə: 20 yanvar Azərbaycan xalqının qəhrəmanlıq günüdür. Bu günün günahkarları Qorbaçov, Vəzirov, Mütəllibov, AXC-Müsavat cütlüyü. Ümummilli lider Heydər Əliyev gələndən sonra isə hər şey düzəldi, o, şəhidlərin məzarının üstünün götürülməsi haqda göstəriş verdi.
Bəli, Əliyevlərin gəlişi təbliğat əhəmiyyətli bütün məzarlar və o məzarlarda yatanlar üçün “bayram” oldu. Çünki bu hakimiyyət üçün ən dəyərli insan ölmüş insandır. Həşimovlara görə, Əbülfəz Elçibəy 20 Yanvarın günahkarlarından biridir. Lakin Fəxri Xiyabanda dəfn etdilər, məzarının üstünü götürdülər, heykəlini qoydular. Onlar Şəhidlər Xiyabanının abadlaşdırılması üçün əllərindən gələni eləyiblər, imkanları yaranan kimi genişlənməsi üçün də bacardıqları qədər güc vuracaqlar.
20 ildir Pirşağı qəsəbəsində “dənizdən gələn soyuq küləyin yarıqaranlıq dəhlizdən keçib mənzillərə dolduğu, qapısı, pəncərəsi açıq binada köçkünlərlə yanaşı, küçə heyvanlarının da məskunlaşdığı, ədyala, şala bürünüb oturan qadınların hərəsinin bir xəstəliyə tutulduğu, revmatizmdən orada doğulub-böyüyən uşaqların da əziyyət çəkdiyi, işığı ”əldəqayırma”, taqqıltı salan kimi bör-böcəyin, tarakanın körpələrin üstünə töküldüyü” (“Azadlıq” radiosu) “Santex” sanatoriyasında məskunlaşan 60 yaşlı Səyahət Bağırova isə deyir ki: “Mən villadan gəlmişəm, evim olub mənim. Mənə də bir ev tiksin. Haranı istəyir gözəlləşdirsin, mənə dəxli yoxdu, mənə şərait yaratsın. Anam şəhid, qardaşım şəhid, bacım şəhid, beş əmim oğlu şəhid, girov. Onların ailəsiyəm mən!”
Məzarları cənnətə çevirmək insanlıq deyil. Sadə insanların, həm də şəhid ailələrinin cəhənnəmə çevrilmiş həyatına bax, diktor qardaş!
BBC teleradio kompaniyasının veb-səhifəsində Azərbaycan hakimiyyəti ilə bağlı dərc olunan xəbər isə elə bil Səyahət Bağırovaya cavab kimi yazılıb. Bildirilir ki, Şimali Lankşir şəhərindən olan bir inşaat şirkəti Azərbaycan Respublikasının prezidenti Ilham Əliyev üçün onun ad günü ərəfəsində 1 547 300 ABŞ dolları dəyərində metal konstruksiyadan ibarət “Alov fəvvarə” hazırlayıb. Bu fəvvarə prezidentə həzz, həmin inşaat şirkətinə iqtisadi tənəzzüldən qurtuluş verib. Səyahət xala isə, radioya sözügedən müsahibəsini verib dərddən alovlana-alovlana – gözləri fəvvarə kimi.
Ildə bir dəfə – 20 yanvar günü Kamil Cəlilovun çaldığı matəmli musiqini anlamaq olar. Onsuz da bu Azərbaycana ancaq bu havalar yaraşır. Matəmli musiqilər bugünkü Azərbaycanın dövlət himnidir. Bəs “Eurovision” musiqi yarışması? Matəmli, başdan-başa yas içində, ürəkləri naşad, dövlət siyasəti allahsızlıq olan bir ölkəyə gəlib sevinmək olarmı?
Almaniyanın “Wolfsburger Allgemeine” qəzetində gedən məqalə sualımızı belə cavablandırır: “Azərbaycan belə bir müsabiqə üçün yanlış yerdir; orada diktatura mövcuddur”.
Almaniya hökumətinin insan haqları üzrə Ombudsmanı Markus Löninq isə bildirir: “Mən təsəvvür edə bilmirəm ki, bir neçə kilometr aralıda insanların səbəbsiz yerə həbsxanada saxlandığı bir ölkədə necə mahnı oxumaq olar?”
“Eurovision” mahnı müsabiqəsinin azarkeşlərindən ibarət klubun pezidenti Klaus Vorina söhbətə belə nöqtə qoyur: “Çoxları belə bir ölkəyə getmək istəmir. Məsələ həmin iki həftə ərzində deyil, ondan sonra Azərbaycanda nələrin baş verəcəyindədir”.
Gələcəkdə baş verəcəklər isə bu şəkildə start alır – iğtişaşlar, həbslər, yeni şəhidlər, YAP-dan qopmalar, müxalifət partiyasına keçidlər. AXCP-yə keçən yapçı Rüfət Əliyev kimi. Rüfət, Ilham Əliyevə yazır: “Necə olur ki, hər bölgədə Heydər Əliyevin adına park, mərkəz, muzey, məktəb olur, amma vətən uğrunda şəhid olmuş (qardaşım) Çinar Əliyevin adına bircə məktəb belə, olmur?!”
Diktor Rafiq Həşimov isə hələ də tərifləyir…

Əliyevlər YAP-dan ayrılır
•
•