Salam, Gənclər! “Gənclər Meydanı” geri qayıdır. Sizin üçün qayıdır. Bu gündən ciddi və kədərli siyasi qəzetdə sizin də səhifəniz olacaq. Hər zaman gördüyünüz şəxslərdən bezmisiz? Siyasi xəbərlər maraqlı gəlmir? “No problem”. O zaman hazır olun. Bugündən “Gənclik Meydanı”nında sizlər olacaqsınız. Hər bazar günü.
Kimlər olacaq? Tanıdığımız və tanımadığımız gənc aktivistlər. Bugünün tələbələri, sabahın liderləri. “Siyasətdə mən də varam” deyən bütün gənc ürəklər.
Bloqları, facebook qeydlərini, virtual gündəmi artıq kağıza çıxarmaq vaxtıdır. Internetə girməyən yaşlı nəsil sizi tanısın deyə. Səsiniz internet klub olmayan ucqarlarda eşidilsin deyə.
Nələ yazılacaq, nələr oxunacaq? Verdiyiniz müsahibələr. Yazdığınız bloq yazıları. Göndərdiyiniz köşələr. Problemləriniz, tələbə həyatınız, əyləncəniz, virtual dünyanız.
Mövzular sizdən yazılacaq, sizin müsahibələriniz olacaq. Artıq liderlər sizlərin dilindən danışmayacaq. Sözünüzü özünüz deyin! “Gənclik Meydanı” məkanınız olacaqsa, buyurun meydana. Unutmayın, hər bazar günü sizin səhifə “Azadlıq” qəzetində. Qəzet alın. Başqalarını deyil, özünüzü oxuyun. Haydı, gənclər, meydana!