ABŞ İranı təkləyir

Vaşinqton Tehrana qarşı sanksiyaların sərtləşdirilməsiylə bağlı Rusiyayla müzakirələr aparır

Iran ətrafında yaranmış gərginlik davam edir. Tehrana qarşı hərbi müdaxilə variantının gündəmdə olduğu bir vaxtda ABŞ-ın dövlət katibi bəyan edib ki, ölkəsi Iranla silahlı münaqişəyə can atmır. Klintonun sözlərinə görə, ABŞ və Avropa Birliyi “ikili yanaşma”nın tərəfdarıdırlar. Bu yanaşma bir tərəfdən Iranın nüvə silahı hazırlamaqdan vaz keçməsi üçün ona təzyiqlərin artırılmasını, digər tərəfdən eyni problemi həll etmək üçün bu ölkə ilə danışıqların davam etdirilməsini nəzərdə tutur.
Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland isə bildirib ki, ABŞ Irana qarşı sanksiyaların sərtləşdirilməsiylə bağlı Rusiya ilə müzakirələr aparır. Sözçünün dediyinə görə, Tehran rejimi neft satışından əldə etdiyi gəliri nüvə proqramının həyata keçirilməsinə sərf edir. O, Irana qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı ABŞ-ın müttəfiq dövlətlərlə müzakirələr apardığını söyləyib: “Moskvada ABŞ dövlət katibinin birinci müavini Uilyam Börns Rusiya rəsmiləri ilə görüş keçirib. Danışıqlarda Irana qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı müzakirələr aparılıb. Biz Rusiya rəsmiləri ilə Iranın Mərkəzi Bankına sanksiya tətbiq edilməsi və ABŞ-a müttəfiq ölkələrin Irandan aldığı neftin azaldılması haqqında da danışıqlar aparmışıq”.
Irana qarşı sərt mövqeyiylə tanınan Fransa prezidenti Nikola Sarkozi Avropa Birliyinin Tehrana yönəlik sanksiyaların ağırlaşdırılmalı olduğunu deyib. Onun fikrincə, Iranın mübahisəli nüvə proqramının həlli üçün bu ölkəyə daha çox iqtisadi təzyiqlər göstərilməlidir. Bunun üçün də Avropa Birliyi ilk növbədə Irandan neft idxalına və bu ölkənin Mərkəzi Bankına sanksiya tətbiq etməlidir.
Kanadanın baş naziri Stiven Cozef Harper isə bəyan edib ki, Iran siyasi məqsədinə çatmaq üçün nüvə silahından istifadədə tərəddüd etməyəcək. Iran rəhbərliyi nüvə proqramı ilə bağlı yalan danışır və dünyanı aldadır. Onun sözlərinə görə, Iran rejiminin fanatik dinçi bir dünyagörüşü var. Harper bildirib ki, dünya ölkələri arasında da Irandakı mövcud rejimin təhlükəli olduğuna dair yekdil fikir formalaşıb.
Iran isə yenə də Qərbin təzyiqlərinə hədələrlər cavab verir. Islam Inqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Qüds qanadının rəhbəri, general Qasım Süleymani rəsmi Tehranın həmişə Vaşinqtona Irana qarşı addımlar atarkən diqqətli olmağı tövsiyə etdiyini bildirib: “Biz daima ABŞ-a Irana qarşı atacağı addımların nəticələri ilə bağlı xəbərdarlıq etmişik”.

Informasiya şöbəsi