Yəməndə növbəti etiraz

On minlərlə nümayişçi Əli Abdulla Salehin məhkəmə qarşısında dayanmasını tələb etdi

Yəməndə Əli Abudlla Salehə qarşı etirazlar davam edir. Ötən gün paytaxt Sənada keçirilən aksiyaya on minlərlər insan qatılıb. Hökumət əleyhinə şüarlar səsləndirən etirazçılar Salehinin məhkəmə qarşısında dayanmasını tələb ediblər. Ölkənin vitse-prezidenti Əbd Mənsur əl-Hadi isə etirazçların tələbinə cavab olaraq bildirib ki, hökumət əleyhinə etirazlar zamanı cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyanlar məhkəmə qarşısında cavab verəcəklər. Onun sözlərinə görə, sonuncu məhkəmə qərarında bununla bağlı düzəlişlər ediləcək. Lakin Salehin prezident postundan gedəcəyindən sonra onun barəsində çıxarılmış toxunulmazlıq qərarı dəyişdirilə bilməz.
Sənanın mərkəzi meydanında toplaşan nümayişçilər ölkədə erkən prezident seçkilərinin keçirilməsini də tələb ediblər. Yəmənin xarici işlər naziri Əbu Bəkr Abdulla əl-Kirbi isə “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibəsində bildirib ki, ölkənin təhlükəsizlik məsələləri həll edilməyincə prezident seçkisinin keçirilməsi mümkün deyil.
Xatırladaq ki, Əli Abdulla Saleh hökumət əleyhinə keçirilən etirazlar zamanı törədilən cinayətlərə görə ittiham olunur. Nümayişlər zamanı etirazlarla təhlükəsizlik qüvvələri arasında yaranmış toqquşmalarda 200-dən çox insan öldürülmüşdü. Prezident isə hakimiyyəti təhvil verəcəyi təqdirdə toxunulmazlıq hüququ əldə edəcəyi ilə bağlı ərəb ölkələri ilə razılığa gəlmişdi.

Informasiya şöbəsi