Vaqif Səmədoğlunun naşükürlüyü

Dostumuz Natiq Cavadlı xalqsız xalq şairi Vaqif Səmədoğlunu danışdırıb. Sonra da həmin müsahibəni “facebook”da “Isa Qəmbərin və Elnur Astanbəylinin menyüsünə” adı altında paylaşıb.

Isa bəyi bilmirəm, amma Natiq bəyin məni nəzərdə tutub daşı hara atdığının fərqindəyəm. Vaqif Səmədoğlunun müsavatçı keçmişinə işarə vurur. Üstəlik, ilk dəfə deputatlığa namizədliyini verəndə onun təbliğatında iştirak etmişəm. Bu, bir az da alın yazısıdır, yəqin: tərcümeyi-halımda bu günün bir çox dönükləri, əqidə xainləri ilə yaxın-uzaq bağlarım var. Amma bunları hələ də mənim üzümə niyə vururlar, anlamıram. Mən 10 il, 15 il əvvəl harda idimsə, yenə də ordayam. O adamlar orda deyilsə, mənim suçum nədir? Mən bunların ürəyinə girə, öz müxalifliklərini bu istila, bu istibdad, bu irtica rejiminə qarşı nəyə hesabladıqlarını necə bilə bilərdim ki?
Vaqif Səmədoğlu nala-mıxa vurmağa başlayandan onun haqqında ən kəskin yazıları yazanlardan biri mən olmuşam. Sonra xalqsız xalq şairi nalı buraxıb, yalnız mıxa vurmağa başladı, onda da çox sərt yazılar yazdım. Onun son müsahibəsindən sonra da bir neçə kəlmə yazmağa əşhədü-ehtiyac görürəm.
Xalqsız xalq şairi deyir: “Ziyalılar Forumunda təmsil olunmaram. Nəticəsi olmayacaq işin dalından getməyə dəyməz”.
Adam da belə naşükür olarmı, Vaqif müəllim? Siz ki, hakimiyyəti tənqid etməyin faydasını, nəticəsini yaxşı görənlərdən birisiniz, diliniz necə gəlir belə deməyə? Əgər vaxtilə müxalifət düşərgəsində təmsil olunmasaydınız, kim idi deputat mandatını sizin cibişdana qoyan? Vaxtilə bu rejimin ən sərt tənqidçilərindən biri olmasaydınız, dünyanın yarıdan çoxunu necə gəzib dolaşacaqdınız, altınızdakı lüks avtomobili necə əldə edəcəkdiniz, ən bahalı şərabları necə içəcəkdiniz?
Daha sonra xalqsız xalq şairi deyir: “Bizdə artıq rüşvət məişətə girib. Mən bir komediyamda yazdım ki, uşaq atasına məktəb gündəliyini verərkən arasına pul qoyur”.
Mənim burada artıq sözüm bitir. Görün bu adam ölkədəki bir belə talançılıq, korrupsiya qarşısında rüşvəti kimin timsalında göstərir – uşağın! Özü səhərdən axşamadək ən yekə korrupsionerlərlə oturub-durur, onların məclislərinə tamadalıq edir, amma rüşvət deyəndə əl boyda uşaqdan yapışır. Misir Mərdanova dillənə bilmir, Misir Mərdanovun məktəbində oxuyan uşaqdan yapışır. Bəhanəsinə bax: rüşvətin məişətədək sıçradığını göstərmək istəyirmiş! Sənə illah ki, rüşvətin, korrupsiyanın nə qədər böyük faciəyə çevrildiyini uşaqların timsalında göstərmək lazımdırsa, atasına məktəb gündəliyini verərkən arasına pul qoyan hansısa qeyri-müəyyən, xəyali uşaqdan niyə yapışırsan, elə reallıqdan, gerçəklikdən – atası ona Dubayda 40 milyonluq villa alan uşaqdan yazsana!
Yaza bilərsən, buyur, yaza bilmirsənsə, özündən yalançı qəhrəman düzəltməyə dəyməz. Artıq 60-cı illər deyil ki, Ezop dilində bir cümlə yazıb çarx dönüb dövran dəyişəndən sonra da özünü xalqa dissident, sistem əleyhinə mübariz kimi sırımağa çalışasan.
Bu günün həqiqətləri çox çılpaqdır və zaman da çılpaq yazmağı sevir. Ezop dilinə sığınıb həqiqətləri yazdığını deyənlər isə adamda gülüş və ikrahdan başqa heç bir şey doğurmurlar.
Əzənlərin əlində çəkic
ANS-in Ilqar Mikayıloğlu adlı aparıcısının verilişinə dəvət etdiyi taksi sürücülərinə qarşı həqarəti haqda xəbər saytlarından oxudum.
Yadıma 2003-cü ildə oğurlanan səslərini qaytarmağa çalışan xalqa “vandal”, “quduz” demələri düşdü. Səhərdən axşamadək “Qarabağ, Qarabağ” deyə camaatın qulağını dəng edib sonra da bir dılğır videokameraya görə Qarabağ qazisi Oruc Məmmədalıyevi həbsə atdırmalarını xatırladım.
Indi də taksi sürücüləri…
Bu ANS-in mahiyyətidir. O, başından bəri əzilənin yox, əzənin yanında olub. Əzənin əlində çəkicə çevrilib daim. Seçimini həmişə güclüdən yana edib. Indi də Ziya Məmmədova güldən ağır söz deməyə cəsarətləri çatmadığı halda, taksi sürücülərinin üstünə yeriyir.
O ki qaldı aparıcının sürücülərdən birinə dediyi “Niyə silaha sarılıb Qarabağa getmirsən?” sözlərinə,
BIR: adama qayıdıb deyərlər, bəs sənin o verilişdə nə işin var, bəs özün niyə getmirsən?
IKI: axı Ilham Əliyev lazımın gəldiyini nə vaxt dedi ki, o taksi sürücüsü də silaha sarılıb Qarabağa getmədi?
ÜÇ: siz yetənin yaxasından yapışıb “niyə silaha sarılıb Qarabağa getmirsən?” desəniz, camaat da sözünüzü yerə salmasa, bəs makarona deşiyi kim açacaq?