“Türkiyə böyük bir ölkədir və Fransa üçün önəmli müttəfiqdir”
Qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin Fransa parlamentinin aşağı palatasında qəbulundan sonra Paris-Ankara münasibətlərində yaranmış gərginlik davam edir. Qanun layihəsi gündəliyə gələndən sonra rəsmi Ankaranın telefonlarına belə cavab verməyən Fransa prezidenti Nikola Sarkozi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana məktub yazıb. Sarkozi məktubunda bu layihənin iki ölkə arasındakı tarixi münasibətləri pozmamalı olduğunu deyib.
Fransa prezidenti məktubunda yazır ki, layihənin məqsədi fransız toplumunun uzun müddətdir yaşadığı inkar duyğusunu aradan qaldırmaq və 100 ildir olan yaraları sarmaqdır:“Bu, qəbul edilən bütün soyqırımlara aid layihədir. Mətndə nə bir xalq, nə də dövlət hədəf alınıb. Çünki, türk xalqının Birinci Dünya Müharibəsi və Osmanlı İmperiyasının çöküşü zamanı yaşadığı acını daha yaxşı anlayırıq”.
Sarkozi məktubunda tarixlə üzləşməyin asan olmadığını vurğulayıb. Onun yazdığına görə, Fransa asan olmayan çətin etirafı etdi:“Hitler Almaniyasının işğalı zamanı Fransada yaşayan yəhudilərin kütləvi şəkildə düşərgələrə göndərilməsindəki rolunu tanıdı. Mən şəxsən 2007-ci ildə Əlcəzairin Konstantin şəhərinə çıxışımda Fransa müstəmləkəçiliyinin vəhşəti və Əlcəzair xalqının acılarını dilə gətirərək pislədim. Türkiyə böyük bir ölkədir və Fransa üçün önəmli müttəfiqdir. İki dost və müttəfiq olaraq, bizə yaraşan şəkildə ağlın hakim olmasını diləyirəm. İstəyirəm biləsiniz ki, bu layihə ilə bağlı atılacaq sərt addımlar iki ölkə arasındakı çoxyönlü münasibətlərə zərər verəcəyi kimi, onun nəticələri də vahiməli olacaq. Bunun məsuliyyəti isə bu cəhdin sahiblərinə aid olacaq”.
İnformasiya şöbəsi