Nazir BŞBPI-nin fəaliyyətində nöqsanlar olduğunu bildirib
Bakı Şəhər Baş Polis Idarəsində 2011-ci ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
DIN-in mətbuat xidmətinin yaydığı məlumata görə, BŞBPI-nin rəisi, polis general-mayoru Rafiq Abbasov hesabat dövründə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.
Əməliyyat müşavirəsinə yekun vuran daxili işlər naziri Ramil Usubov hesabat dövründə BŞBPI-nin şəxsi heyəti tərəfindən görülən işləri bütövlükdə qənaətbəxş sayıb, bununla belə, cinayətkarlıqla mübarizənin ayrı-ayrı istiqamətlərində nəzərə çarpan nöqsan və çatışmazlıqlardan narahatlığını bildirib, onların aradan qaldırılması üçün konkret tapşırıq və tövsiyələrini verib.
Nazir ictimai təhlükə mənbəyi olan və çox vaxt şəxsiyyət əleyhinə ağır cinayətlərin törədilməsini şərtləndirən qanunsuz silahların yığılması, xüsusən onları saxlayan və gəzdirən şəxslərin əməliyyat yolu ilə müəyyənləşdirilib məsuliyyətə cəlb edilməsi, mülkiyyət əleyhinə törədilən cinayətlərlə və narkotiklərlə mübarizə işinin günün tələblərinə cavab vermədiyini nəzərə çatdırıb. O, belə vəziyyətin DIN rəhbərliyini ciddi narahat etdiyini, Kollegiya iclaslarında, həmçinin BŞBPI və ərazi polis orqanları rəhbərlərinin iştirakı ilə keçirilən naziryanı əməliyyat müşavirələrində dəfələrlə müzakirə və təhlil olunduğunu xatırladıb, əməliyyat-xidməti fəaliyyətin bu və digər sahələrində ciddi dönüş yaradılmasını tələb edib.
Qeyd edək ki, Ramil Usubovla Rafiq Abbasovun münasibətləri o qədər də ürəkaçan deyil. Məhərrəm Əliyevin Bakı polisinin rəisi vəzifəsindən çıxarılandan sonra Ramil Usubov bu qurumu tamamilə nəzarətə götürmək istəyirdi. Lakin nazir özünə yaxın adamlarından heç kimi bu vəzifəyə təyin etdirə bilmədi. Yeni rəis Paşayevlərin çevrəsinə daxil olduğu bildirilən Rafiq Abbasov oldu.