Ziya Məmmədov sürücüləri intihar həddinə çatdırdı

Sürücülər polisin sərt müdaxiləsi ilə qarşılaşdı – 15 nəfər həbs edildi

Taksiləri əllərindən alınanlar etiraz aksiyalarını davam etdirəcəklər

Nəqliyyat Nazirliyinin fərdi avtomobillərlə sərnişinlərə taksi xidməti göstərilməsinə dair qadağasına etiraz edən sürücülər ötən gün yenidən nazirliyin qarşısına toplaşaraq aksiya keçirdilər. Artıq dördüncü gündür dalbadal etiraz edən sürücülərin sonuncu nümayişində dəhşətli olaylar yaşandı. Saat 13:00-da Prezident Administrasiyası qarşısına yığışan etirazçıların qarşısı alındığı üçün aksiyaya dəyişiklik edildi. Tez bir zamanda onlarla sürücü Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Şöbəsinin qarşısında toplaşdı. Aksiyanın olacağını güman edən Yasamal rayon Polis Idarəsinin əməkdaşları səhər saatlarından Nəqliyyat Nazirliyinin qarşısını mühafizəyə götürüb körpünün hər tərəfində postlar qurmuşdular.
Əslində aksiya səhər saatlarında ANS-dən başlamışdı. Belə ki, “Günəbaxan” verilişinin aparıcısı Ilqar Mikayıloğlu studiyaya dəvət etdiyi taksi sürücüləri ilə söhbət zamanı onların ünvanına xoşagəlməz ifadələr səsləndirdi.

Sürücülərdən birinin məcburi köçkün olduğunu deməsindən sonra aparıcı söhbətə dəxli olmadan patriotluq etmək qərarına gəldi və orta yaşlı sürücünü silaha sarılaraq, hərbi birləşmə təşkil edərək öz doğma torpaqlarını azad etməyə getməməkdə günahlandırdı. Buna cavab verən başqa bir sürücü isə ANS əməkdaşının qəzəbinə tuş gəldi. O, sürücünü studiyadan qovmaq istəyəndə həmkarları hamısı studiyanı “ar olsun” şüarıyla… tərk etdilər.

“Ziya Məmmədov, mənim yerimə olsan neyləyərsən?”

Sürücü Həmid Əliyev sona kimi mübarizə aparacaqlarını söylədi: “Ziya Məmmədov bizi qəbul edib şikayətimizi dinləməsə, aksiyalara son qoyulmayacaq. Biz neçə gündür ki, işsizik. Ayda 340 manat maşın krediti verirəm, iki uşağım universitetdə oxuyur, özüm də qaçqınam. Ziya Məmmədov, mənim yerimə olsan neyləyərsən?”.

Sürücülər SMS-ləşib həmkarlarını aksiyaya qoşulmağa çağırırdılar. Mitinq iştirakçılarının sayı isə durmadan artırdı. Aksiyanın izdihamlı olmasından çəkinən asayiş keşikçiləri məsələni tezbazar həll etmək qərarına gəldi. Qısa bir zamanda əraziyə əlavə polis qüvvələri cəlb olundu. Polislər Nəqliyyat Nazirliyi, FHN-nin Bakı Regional Idarəsini qarşısında ətdən çəpər çəkərək aksiya iştirakçılarını körpünün aşağı istiqamətinə doğru sıxışdıraraq həbslərə başladı. Polisin dağılışmaq tələbinə dirəniş göstərən taksi sürücüləri Nəqliyyat Nazirliyində nazirlə görüş tələb etdilər. Yoldan keçən həmkarlarını onlara qoşulmağa səsləyən Nəbi adlı sürücü “Ziya Məmmədov, sənin qanunsuz əməllərinə etiraz edərək özümü öldürürəm” deyərək əlindəki lezvanı uddu. Bu zaman təxminən 12 polis onun üzərinə şığıdı. Polislər sürücünün lezva udduğunu görə-görə onu təpikləyərək maşına basdılar. Nəbi adlı sürücüyə həmkarları kömək göstərmək istəsə də polis 13 nəfəri həbs edərək maşına basdı. Elə bu zaman çaxnaşma başladı. Başqa bir sürücü özünü benzinlə yandıracağını deyən kimi onu da maşına basdılar.

Taski sürücüləri “Istefa!”, “Ayını yeyib, pulunu bizə ödətdirməyin!” şüarları səsləndirərək müxtəlif istiqamətlərə yürüş etdilər.

Etirazçılara gənclər də qoşuldu

Polisin sərt üzüylə qarşılaşan aksiya iştirakçıları  metronun “20 Yanvar” stansiyasına doğru yürüş etdilər. Əlində dubinka onları qarşılayan asayiş keşikçiləri xəbərdarlıq etdi, dağılışmayacaqları təqdirdə həbs olunacaqlarıyla hədələdi. Ancaq etirazçılar heç nəyə məhəl qoymadan yoldan ötən həmkarlarının maşınlarını saxlayaraq onlara qoşulmalarını tələb edirdilər. 20 Yanvar şəhidlərinin abidəsi önünə toplaşan narazı sürücülərə gənclər təşkilatlarının fəalları da dəstək verdi. Az keçmədi ki, Ziya Məmmədovun istefasını tələb edən aksiyada izdiham yarandı. Dərhal əraziyə əlavə polis qüvvələri cəlb olundu. Nəticədə 20 aksiya iştirakçısı həbs edildi. Nida Vətəndaş Hərəkatından Camal Əkbər, Dalğa Gənclər Hərəkatından Qurban Məmmədov həbs olunanlar sırasında idi. Saxlanılanlar 29-cu polis bölməsinə aparıldı.
Taksi sürücülərinin aksiyası zamanı polislər sürücülərlə yanaşı öz vəzifə borcunu yerinə yetirən jurnalistlərə qarşı da aqressiv davrandılar. Onlar “Yeni Müsavat” qəzetinin reportyoru Fərahim Ilqaroğlunun fotoaparatını əlindən alaraq onu sındıracaqları ilə hədələdilər. Sındırılmasa da fotoaparatın yaddaşından 10-dan artıq kadrı polis sildi.
Bundan başqa, “Turan” informasiya agentliyinin fotoreportyoru Etimad Budaqov da təzyiqlərə məruz qaldı. O, şəkil çəkərkən polislər onu itələyib yerə yıxdılar.
Axşam saatlarında polis şöbəsindən buraxılan taksi sürücüləri aksiyalara davam edəcəklərini bildirdilər.

Taksi sürücüləri və dalğaçı 5 sutka həbs aldılar

Günün sonunda Daxili Işlər Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, aksiya zamanı saxlanılan sürücülər xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar.
Amma aksiyada saxlanılan sürücülərin ailə üzvləri məlumatı təsdiqləmirlər.
Aksiya zamanı saxlanılan Dalğa Gənclər Hərəkanının üzvü Qurban Məmmədov Yasamal Rayon məhkəməsinin qərarıyla 5 sutka həbs edilib. Bundan başqa saxlanılan taksi sürücüsü Ilham Əmiraslanovun ailəsindən verilən məlumata görə o da 5 sutka həbs cəzası alıb.

Ramin DEKO