“Bir dəfə yada salmadılar ki, mənim də yubiley gecəmi keçirsinlər“
“Mən bir qədər diqqətə layiq deyiləm?”
“Mənə təəccüb gələn odur ki, sənətdə bu qədər zəhməti olan, dünya səhnələrini görən, ən məşhur şair və bəstəkarlarla çalışan bir sənətkar bu gün diqqətdən kənar qalıb”. Bunu Lent.az-a açıqlamasında məşhur estrada müğənnisi, xalq artisti Yalçın Rzazadə deyib.
Müğənni layiq olduğu diqqəti görməməyindən şikayətlənib: “Mənə ad veriblər, prezident təqaüdü alıram. O təqaüd olmasaydı, gərək mən dilənəydim. Amma təəssüf ki, mən layiq olduğum diqqəti görmürəm. Nə qədər yubileylərim olub keçdi. Heç biri yada düşmədi. Bir dəfə yada salmadılar ki, mənim də yubiley gecəmi keçirsinlər. Həmişə deyirəm – biganəlik ən böyük faciədir. Axı musiqi mədəniyyətimizin inkişafında mənim böyük xidmətlərim olub. Bunun müqabilində mən bir qədər diqqətə layiq deyiləm? Halbuki səviyyəmə yuxusunda da çata bilməyən adamlara elə diqqət göstərilir, yubileyləri keçirilir ki, məəttəl qalıram. Və istər-istəməz daxilən inciyirəm”.
Yalçın Rzazadə bütün incikliklərə baxmayaraq, yaradıcılığını davam etdirdiyini, yeni mahnılar yazdırdığını bildirib.