Onun təhlükəli qüvvələrlə yanaşı görünməsi beynəlxalq rəyi özünə qarşı qoyub
Ilk zərbə “Der Şpigel”dən gəldi. Almaniyanın məşhur mətbu orqanı Əliyevlərin 2012-ci ilini beləcə təbrik etdi. Bir cümlə ilə desək, yazdılar ki, Azərbaycanın avtoritar hakimiyyətinin Almaniyadaki lobbi fəaliyyəti ürək bulandırır. Bunun ardınca Türkiyənin “Yeni Şafak” qəzeti Əliyevlər hakimiyyətini alt-üst edən yazı ilə çıxış etdi. Bu, sistemli bir tənqiddirmi? Yəni, əvvəlcədən düşünülmüş ardıcıllıqdırmı?
Əlbəttə ki, biz belə düşünmürük və istənilən media orqanını nəzərdən keçirsək, hər biri özünəməxsus siyasi xətlərilə diqqəti çəkərlər. Başlıca faktor da odur ki, hazırda Almaniya və Türkiyə münasibətləri Avropa Birliyi mövzusuna görə elə də yaxşı deyil. Yəni, bu, bir rəsmi hadisə deyil. Amma sadə hadisə də deyil. Ona görə ki, hər iki media orqanı ictimai rəyə ciddi şəkildə nüfuz edə bilir. Elə isə, nə baş verir? Əliyevin bu cür media orqanlarının mənfi qəhrəmanına çevrilməsi nəyin nəticəsidir?
Bu suallara cavab axtarmamışdan əvvəl onu qeyd edək ki, hazırda dünya xəritəsində adı bütöv yazılan bütün ölkələrlə Azərbaycan hakimiyyətinin münasibəti gərginlik zolağına girib. Bu vəziyyətin sürətlənməsi isə Ilham Əliyevin atasından qalan komandasını idarə edə bilməyərək, onların mənfəətlərinə görə dəyişən xarici əlaqələr balansında əsas hədəfi itirməsidir.
Lobbidən yazmaq nə deməkdir?
Ilham Əliyevin “lobbi siyasəti” ilk növbədə ABŞ mediasında ifşa olundu. Daha sonra bu, Avropa mətbuatında da özünü göstərməyə başladı. Türkiyə mətbuatı isə ara-sıra Əliyevə milli maraqlardan sapdığını xatırladan yazılar dərc edirdi.
Ondan başlayaq ki, Qərb ölkələrində lobbi sadəcə, xidmət kimi normal sayılır (Yeri gəlmişkən, ABŞ-da bu məsələdə ciddi islahatlar və məhdudiyyətlər oldu). Amma lobbidən istifadə etmək siyasi bitkinliyin və özünütəsdiqə ehtiyacın göstəricisidir. Məsələn, bir siyasi qərarı vermək üçün ABŞ Senatında hansısa lobbi işi gedirsə, deməli, bu hadisə Senatın diqqətini çəkəcək dərəcədə qabarıq deyil. Bir siyasi liderin tanınması üçün lobbi işi gedirsə, deməli, onun özünü öz qabiliyyətilə tanıtdırmaq imkanı yoxdur, ya da mövcud qabiliyyətləri onu yaxşı tanıtdırmağa qadir deyil.
Əliyevlərin istənilən halda, hakimiyyətin maraqlarından çıxış edərək, lobbi işi qurması Azərbaycan hakimiyyətinin ABŞ-dakı “dayaqları”nın necə olduğunun göstəricisidir. Amma bu, işin ikinci tərəfidir ki, sözügedən fəaliyyət “ürəkbulandırıcı” adlandırılaraq ifşa olunursa, bu artıq “loru dillə dəllalın pul götürməməsi” kimi bir şeydir. Ilham Əliyevin bu cür sərt və soyuq ifşası o deməkdir ki, artıq onun pulunu götürmürlər. Yəni, o, artıq yeni siyasi qazanın inqridientlərindən biri olmaq imkanını itirib.
“Yeni Şafak”ın maraqlı tərzi…
Əslində, biz dəfələrlə bu məsələdən yazmışdıq. Qeyd etmişdik ki, hakimiyyətlərin münasibətləri Türkiyə və Azərbaycan xalqlarının qardaşlığına kölgə sala bilməz və salmamalıdır. Türkiyə hökuməti də zaman-zaman belə bir mövqe ortaya qoyub. Bu mövqe sözlə ifadə olunmasa da, müxtəlif səviyyədə dövlət adamlarının beynəlxalq danışıqlarda Qarabağ məsələsini gündəmə gətirməsi və Azərbaycanın dövlət maraqlarını müdafiə etməsi, əslində o demək idi ki, Türkiyə dövləti Azərbaycan xalqının həqiqi maraqlarını hər zaman müdafiə edəcək. “Yeni Şafak” qəzetinin son addımı bu prosesin həm də ictimai rəydə və mediada gücləndiyini göstərməyə başladı.
Ilham Əliyevlə bu davranış, əslində, onun özünün fəaliyyətinin nəticəsi kimi ortaya çıxıb. Bir çox hallarda Türkiyənin və Azərbaycanın dövlət maraqları əleyhinə çıxması və bütün belə hallarda, həm də beynəlxalq təhlükəsizliyi təhdid edən qüvvələrin (Rusiya, Belarus) maraqlarına uyğun davranması, Ilham Əliyevin dövlət başçısı kimi siyasətdəki konyunktur yerini şübhə altına almaqdan irəli bir prosesə təkan verib. Artıq ona qarşı siyasətçilərə xas dildə – diplomatik eyhamla deyil, daha çox kriminal aləmin jarqonları ilə və aşkar tənqidlər başlayıb.
Beləliklə, yekdil nəticə kimi, heç kimin onunla işləmək və anlaşmaq kimi bir istəyinin qalmadığını deyə bilərik.
Seymur Həzi