Mehman Cavadoğlu: «Hansı təklifin verilməsindən və qəbul edilməsindən asılı olmayaraq son qərarı qurultay verəcək»
Qurultay yaxınlaşdıqca Müsavat başqanlığı ətrafında iddialar və müzakirələr də artır. Son günlər isə partiyanın bəzi funksionerləri tərəfindən əsasən Isa Qəmbərin başqanlıqda qalmasına yönələn təkliflər səsləndirilir. Məsələn, Müsavat Məclisinin sədri Arzu Səmədbəyli partiyanın nizamnaməsində dəyişiklik edilməsini və başqanlıq müddəti ilə bağlı məhdudiyyətin götürülməsini təklif edir.
Partiyanın Divan üzvü Qubad Ibadoğlunun isə təklifi başqan seçkisinin növbəti qurultaya qədər təxirə salınması ilə bağlıdır. Müsavat başqanının müavini Mehman Cavadoğlu isə hesab edir ki, indiki mərhələdə kardinal dəyişikliklər müəyyən fəsadlara səbəb ola bilər.
M.Cavadoğluna müraciət edib səslənən təkliflərlə bağlı münasibətini öyrənməyə çalışdıq. Başqan müavini bildirdi ki, qurultaya qədər bu cür təkliflərin səsləndirilməsi və hətta artması normal haldır: “Mənim təklifim belədir ki, nizamnamədə dəyişiklik edilsin, partiyaya sədrlik rotasiya ilə həyata keçirilsin. Bu, indiki mərhələ üçün ən məqbul variantdır. Bu, həm də demokratiya istiqamətində atılmış mühüm bir addım olar. Müsavat Partiyası zaman-zaman Azərbaycan cəmiyyətinə yeni demokratik ideyalar təklif edib. Bu da tək partiya üçün yox, həm də cəmiyyət üçün faydalı bir yenilik olar”.
Indiki mərhələdə kardinal dəyişikliklərin hansı fəsadlara səbəb ola biləcəyinə gəlincə, M.Cavadoğlu bunları deyib: “Təbii ki, elə ciddi fəsadlar gözləmirəm. Amma hər halda partiyanın fəalları və təəssübkeşləri arasında müəyyən suallar yaranır. Çünki Isa Qəmbər uzun illərdir partiyanı çox uğurla idarə edib. Bu sualların yaranması təbiidir. Müsavat Partiyası hər zaman olduğu kimi, bu dəfə də sınaqdan üzüağ çıxacaq”.
M.Cavadoğlu bildirib ki, hansı təklifin verilməsindən və qəbul edilməsindən asılı olmayaraq son qərarı qurultay verəcək.
Gültəkin