Rauf Arifoğlu: «Tövsiyə edərdim ki, iddialarını geri götürsünlər və danışıqlar yolunu tutsunlar»
Baş redaktor Rauf Arifoğlu ötən ilin sonlarında qəzetimiz vasitəsilə məmurları “Yeni Müsavat”a qarşı iddialarından əl çəkməyə çağırmışdı. Lakin görünən odur ki, məmurlar bu çağırışı nəinki nəzərə almayıblar, hətta qəzetə qarşı iddialarını irəli sürməkdə davam etdirirlər.
R.Arifoğlu deyir ki, Mətbuat Şurası və media vasitəsilə göstərdikləri təşəbbüslərə baxmayaraq Azərbaycanın öndə gedən nazirləri “Yeni Müsavat”ı məhkəməyə verməkdə və ya iddialarından geri çəkilməməkdə israr edirlər: “Hazırda üç nazirin nəzarətində olan qurumlardan və biznes strukturlarından iddialar almışıq. Müdafiə naziri Səfər Əbiyevin adından 7 iddia ərizəsi var və qəzetdən tələb olunan məbləğ ümumilikdə 400 min manatdır. Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus ”Gilan” Holdinq qəzeti məhkəməyə verib və ortada 1 milyon manat həcmində maliyyə tələbi var. Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov tərəfindən də məhkəməyə verilmişik və tələb olunan məbləğ 500 min manatdır”.
Baş redaktorun sözlərinə görə, məsələnin maraqlı tərəfi Mətbuat Şurasının cəhdlərinə baxmayaraq, həmin nazirliklərin problemin danışıqlar yolu ilə həllinə razılıq verməməsidir: “Hər biri sonuna qədər gedəcəyini bəyan edir. Danışıqlar yalnız Anar Məmmədovun nümayəndələri ilə gedib. Anar Məmmədovun adından bildiriblər ki, qəzet üzr istəsin və təkzib versin. Biz üzr istəmək fikrində olmadığımızı bildirəndə onlar axıra qədər gedəcəklərini bildirirlər. Başqa heç bir iddiaçı ilə danışıq aparmaq mümkün olmayıb.
Ölkədə müxalif medianın vəziyyəti hamıya bəllidir. Bəzilərini “zəhmətkeşlərin”, bəzilərini deputatların, bəzilərini nazirlərin əli ilə sıradan çıxarmağa çalışırlar. Bizə qarşı silsilə məhkəmə iddiaları da həmin cəhdlərdən biridir. Hazırda Anar Məmmədovun iddiası üzrə proses davam edir. Elə olur ki, bir gündə bir neçə məhkəməmiz olur. Təxminən 9 iddia üzrə proseslərə getmək ağır bir işdir. Işin ahəngini pozur, kollektivdə depressiya mühiti yaradır. Ona görə də, başda Müdafiə Nazirliyi olmaqla həmin nazirlikləri məhkəməyə vermək fikrindəyik. Artıq bir iddianı vermişik, təmin olunmayıb, amma yuxarı instansiyaya müraciət edəcəyik”.
R.Arifoğlu iddiaçıların tələb etdiyi məbləği ödəmək fikrində olmadıqlarını bildirir: “Söhbət, 1 milyon 900 min manatlıq məbləğdən gedir. Ölkənin bütün qəzetləri bir yerə yığışsa da, bu pulu nə əmlakı ilə, nə vəsaiti ilə, nə texniki avadanlığı ilə ödəyə bilər. Bu, praktik cəhətdən də mümkün deyil. Sadəcə olaraq, cərimə qərarını icraya yönəldib əmlaka həbs qoya bilərlər. Amma hesab edirəm ki, 22 illik qəzetə qarşı bunları etmək hakimiyyət üçün böyük başağrısı olar. Bu, azadlıqların vəziyyəti ilə bağlı ölkənin məlum imicinə daha da mənfi çalar gətirər. Bu baxımdan tövsiyə edərdim ki, iddialarını geri götürsünlər və danışıqlar yolunu tutsunlar. Əgər bunu etməsələr, məhkəmələr də onların sifarişi ilə qanunsuz qərarlar çıxarsalar, həm ictimai müqavimətin, həm də beynəlxalq qınağın təşkil olunmasını təmin edəcəyik. Eyni zamanda 51 nəfərdən ibarət kollektivimizin iştirakı ilə müqavimət quracayıq. Düşünürəm ki, indiki mərhələdə bu, hakimiyyətin heç də xeyrinə olmaz”.
Gültəkin