Hakimiyyət Türkiyənin istəklərinə nə cavab verəcək?

Elxan Şahinoğlu: «Azərbaycan ortaya konkret mövqe qoymalıdır»

Məlum olduğu kimi, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Azərbaycana gəlib. Sözügedən səfərin məqsədi Fransa Senatında saxta “erməni soyqırımı” iddialarının inkarının cinayət sayılmasını nəzərdə tutan qanun layihəsinin səsverməyə çıxarılmazdan əvvəl Azərbaycanla fikir mübadiləsi aparmaqdan ibarətdir.
Millət vəkilləri yanvarın 18-19-da Azərbaycanın rəsmi dairələri, parlament üzvləri və ictimaiyyət təmsilçiləri ilə görüşlər keçirəcək. Heyətə dostluq qrupunun 4 üzvü – Necdət Ünüvar (AKP), Şuay Alpay (AKP), Əli Özgündüz (CXP) və Sinan Oğan (MHP) daxildir. Necdət Ünüvar səfərdən əvvəl TRT-yə açıqlama verərək keçən ay Fransa Milli Assambleyasında səsvermədə 55 üzvün iştirak etdiyi və yalnız 44 nəfərin müsbət səs verdiyi qərardan danışıb. O, həmin qərarın Fransa Senatında müzakirəyə çıxarıldığı və 577 üzvü olan parlamentin yalnız 44 üzvünün səsini alan bir qərarla “erməni soyqırımı yoxdur” ifadəsini cinayət sayan bir hökm çıxarıldığını söyləyib. Türkiyə parlamentarisi Fransa kimi köklü ənənələri olan bir ölkənin Senatının bu qərarı qəbul etməyəcəyinə ümidvar olduğunu bildirib: “Çünki Fransa BMT-nin 5 daimi üzvündən biridir, köklü bir demokratiya ənənəsi var, amma Sarkozi bir az da seçki qayğısı ilə israrla bu qərarı Senata daşıdı. Ümid edirəm ki, Fransa Senatı məntiqli qərar verəcək”.
N.Ünüvar Türkiyənin bütün imkanlardan istifadə edəcəyini və bu məsələyə çox ciddi əhəmiyyət verdiyini də deyib: “Istər prezidentimiz, istər baş nazirimiz, istər xarici işlər nazirimiz və parlament sədrimiz – bütün Türkiyə dövləti bu məsələ ilə məşğuldur. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri olaraq Azərbaycana ilk dəfə gedəcəyəm. Azərbaycanın son vəziyyətini görəcəyik. Azərbaycanın hər hansı problemi Türkiyənin də problemidir. Bu problem də Türkiyə və Azərbaycanın ortaq problemidir. Çünki hər iki ölkənin erməni məsələsindəki siyasəti ortaqdır. Türkiyə ilə Azərbaycan arasındakı münasibət yalnız neft, qaz xətləri ilə deyil, tam bir dostluq, qardaşlıq körpüsü ilə formalaşıb”.
Dostluq qrupunun sözçüsü vurğulayıb ki, dostluq və qardaşlığın dəyəri heç bir anlaşmadan daha az deyil. Onun “Dostlar, qardaşlar çətin günlərdə bir arada olmalıdır. Qardaşlıq çətin günlərdə bir arada olmaqdır”  qənaətini Azərbaycan tərəfinin də bölüşəcəyinə inam hiss edilib.
Azərbaycanın bu inamı doğruldacağına ümid edərək sözügedən müzakirələrin uğurla nəticələnəcəyini düşünürkən, ölkənin Fransa və Türkiyə ilə münasibətdə hansı addım atacağı da diqqətdə saxlanmalıdır. Qeyd edək ki, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyevadır. Eləcə də hakimiyyət dairələrinin Fransa ilə isti münasibətləri olduğundan hazırkı vəziyyətdə Azərbaycanın tutacağı mövqe cəmiyyətin diqqət mərkəzindədir. Bununla birgə, Azərbaycana daim öz köməyini əsirgəməyən Türkiyə və hazırda onun istədiyi dəstək də nəzərdən qaçmamalıdır. Belə olan vəziyyətdə Azərbaycan hansı mövqeni tutacaq?
Politoloq Elxan Şahinoğlu öncə yada saldı ki, Fransa prezidenti Nikola Sarkozinin Cənubi Qafqaza səfər edərkən Ermənistana humanist və Azərbaycana laqeyd münasibət sərgilədiyi hələ yaddaşdadır. Yanvarın 23-də Fransa senatında müzakirə olunacaq məsələyə gəlincə, buna qədər Azərbaycan öz konkret mövqeyini ortaya qoymalıdır: “Azərbaycan xarici işlər naziri E.Məmmədyarov Fransa senatının həmin sənədi təsdiq etməməsini əsas gətirərək konkret mövqe bildirmir. Senatın təsdiqini gözləmək lazım deyil. Ortaq mənafeləri olan ölkə olaraq ortaya konkret mövqe qoyulmalıdır”. E.Şahinoğlu məlum Sürix protokollarının imzalanma məsələsində Türkiyənin Azərbaycanın istəyini müdafiə etməsini xatırladaraq analoji addımın indi Azərbaycandan gözləndiyini söylədi. Dağlıq Qarabağ probleminin həllinə mənfi təsir göstərəcəyini nəzərə alaraq Türkiyə vaxtilə Ermənistanla arasında olan həmin protokolu imzalamadı. Azərbaycan tərəfi mənəvi və strateji münasibətləri əsas tutaraq hazırda dəqiq mövqeyini bəyan etməlidir.

Nigar