«20 Yanvar»ı «İstefa!» şüarı bürüdü; sürücülər davamlı aksiyaya qərar verdi
«Bir parça çörəyimizi əlimizdən alan harınlamışlar…»
Nəqliyyat Nazirliyinin sürücülərlə bağlı məlum qərarı minlərlə ailəni çörəkdən məhrum elədiyindən ciddi narazılıq doğurub. Ötən gün yenə yüzlərlə sürücü nazirliyin qarşısına toplaşıb Ziya Məmmədovun onların ailələrini ac qoymasına etiraz etməyi planlaşdırmışdı. Aksiya isə saat 15:00-a təyin olunmuşdu. Polis isə keçiriləcək aksiyaya müdaxilə etmək üçün iki saat əvvəldən Nəqliyyat Nazirliyinin qarşısını kəsdirmişdi.
“Üç qardaşım şəhid olub, anamı taksiçilik eləməklə dolandırıram…”
Polislərin ərazini nəzarət altına almasına baxmayaraq, taksi sürücüləri bir saat gec olsa da, nazirlikdən “20 Yanvar” metrostansiyasına gedən yolda yerləşən Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Şöbəsinin qarşısına toplaşmağı bacardı. Etirazçıların əsas tələbi isə Ziya Məmmədova ünvanladıqları müraciətə cavab almaq idi. Lakin polislər aksiyaya müdaxilə etdi, sürücüləri nazirliyin qarşısına gedəcəkləri təqdirdə həbs olunacaqlarıyla hədələdi. Çarəsiz qalan sürücülər metronun “20 yanvar” stansiyasına tərəf üz tutdular. Moskva prospekti boyunca hərəkət edən etirazçılara yoldan ötən həmkarları da siqnal verməklə dəstəklərini nümayiş etdirirdilər. Sürücülər “20 Yanvar” şəhidlərinin abidəsi qarşısına çatanda orada “Istefa!” şüarları səsləndirdilər.
Burada da polislər aksiyaya müdaxilə edərək, sürücülərdən ərazini tərk etməyi tələb etdilər. Ancaq aksiya iştirakçıları Ictimai Televiziyanın qarşısında da etirazlarını ifadə etmək niyyətində idilər. Onlar günlərdir keçirdikləri aksiyaların televiziyalarda işıqlandırılmamasından şikayətlənərək, ITV-yə tərəf üz tutdular. Lakin onları ITV-nin binasına buraxmadılar. Yalnız televiziyanın əməkdaşı gəlib onlardan açıqlama aldı. Taksi sürcüləri açıqlamalarında bildirdilər ki, problem həllini tapmayana qədər hər gün toplaşıb aksiya keçirmək qərarına gəliblər.
Aksiya iştirakçılarından Həmid Israfilov Ziya Məmmədovun məlum qərarının onu və yaxınlarını nə dərəcədə ağır duruma saldığını danışdı: “Üç qardaşım şəhid olub. Xəstə anama taksiçilik etməklə çörək aparıram. Sabah müharibə olsa, erməninin qarşısına yenə mən çıxacağam, bir parça çörəyimizi də əlimizdən alan harınlamışlar yox… Ona görə də biz taksi sürücüləri qərar vermişik ki, haqlarımız bərpa olunmayana qədər hər gün aksiya keçirək”.
Ziya Məmmədov adamları ac qoymaqda israrlıdır
Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov “mediaforum”a açıqlamasında bildirib ki, taksi sürücülərinin Nəqliyyat Nazirliyinin qarşısına toplaşması barədə nazirə məlumat verilib, onların tələbləri Ziya Məmmədova məruzə olunub: “Nəqliyyat Nazirliyinin mövqeyi dəyişməz olaraq qalır. Lisenziyasız fəaliyyət göstərən taksi sürücülərinə qarşı mübarizə davam etdiriləcək. Bunu dəfələrlə demişik, taksi sürücülərinə müraciətlər etmişik. Artıq qayda-qanun yaratmağın vaxtı çatıb. Biz qanunsuz fəaliyyət növünə şərait yarada bilmərik. Bu, mümkün olan iş deyil. Ona görə də qanunsuz fəaliyyət göstərənləri qanun əsasında işləməyə dəvət edirik. Taksi işlətmək istəyənlər ya ”London taksiləri”ndən götürsünlər, ya da ağ rəngli xüsusi markalı xarici avtomobillər var, onlardan alıb, qaydalara əməl etməklə istifadə etsinlər. Taksi işlətmək üçün xarici avtomobil alanlar mütləq taksometr quraşdırmalı, lisenziya və fərqlənmə nişanına sahib olmalıdırlar. Məsələnin həlli yalnız bu formada mümkündür. “London taksiləri”ndə gündəlik plan ləğv olunub. Sadəcə olaraq, taksometr nə qədər məbləğ yazırsa, onu şirkətə təhvil verirlər. Sürücülər isə maaş alır. Şirkət də deyir ki, yaxşı işləyin, taksometr çox yazsın. Getsinlər, taksi parkına ilkin depoziti ödəsinlər və fəaliyyətlərini davam etdirsinlər. “London taksiləri”ni 33 min manata ala bilərlər. Amma bu taksiləri kreditə vermək mümkün deyil”.
Namiq Həsənov yalnız 2007-ci ildən sonra istehsal olunan avtomobillərdən taksi kimi istifadə edilməsinə razılıq verilməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, 2007-ci il təsadüfən seçilməyib: “Çünki dünyada qəbul olunan normalar var. Avropa Komissiyasının təsnifatına daxil olan avtomobil markaları mövcuddur. Burada sərnişinlərin təhlükəsizliyi məsələsi əsas götürülür. Lisenziya da 5 ilə verilir. 5 ildən artıq müddətdə istifadə olunan maşınlar sərnişin daşımaq üçün təhlükəli sayılır. Eyni zamanda, ekoloji standartlara cavab vermir. Sərnişinlərin təhlükəsizliyi və ekologiyanı qorumaq üçün belə bir qərar qəbul edilib”.
Namiq Həsənov taksi məsələsinin siyasiləşdirilməsini qəbuledilməz sayır. O, köhnə avtomobillərdən taksi kimi istifadə olunmasına qoyulan qadağanı hansısa nazirlə, məmurla bağlamağın əsassız olduğunu söyləyib.
Ramin DEKO