Nemət Pənahlı niyə atasının yasına buraxılmır?

Həcər Pənahlı: «Mədət Quliyev «yuxarılara» məruzə edib, ona yox cavabı veriblər»

Mehriban Vəzir: «Görəsən, bu qərar verənlərin ataları, anaları yoxdurmu?»

Həbsdə olan Milli Azadlıq Hərəkatının liderlərindən biri Nemət Pənahlının dünyasını dəyişən atası Əhəd Pənahovun hüzr mərasimində iştirakına icazə verilmədiyi barədə məlumat vermişdik. N.Pənahlının qardaşı oğlu Pənah Pənahlı bildirmişdi ki, 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Ərşad Həsənov Penitensiar Xidmətin rəisi Mədət Quliyevlə məsləhətləşib və N.Pənahlını müvəqqəti azadlığa buraxmaq məqsədəuyğun bilinməyib. Qeyd edək ki, bir neçə gün əvvəl AXCP-dən olan siyasi məhbus Arif Alışlının da atası rəhmətə getmiş, lakin həmin vaxt hüquq müdafiəçisi Eynulla Fətullayevin ədliyyə nazirinə müraciətindən sonra cəbhəçinin hüzr mərasimində iştirakına icazə verilmişdi.

Əhəd Pənahov və oğlu Nemət Pənahlı

E.Fətullayevin sözlərinə görə, N.Pənahlının da ailəsi məsələ ilə bağlı ona müraciət edib. Lakin bu, gecikmiş müraciət olub: “Yanvarın 15-də Nemət Pənahlının qardaşı oğlu mənə müraciət etdi. O bildirdi ki, artıq cəzaçəkmə müəssisəsinin rəisi və Ədliyyə Nazirliyinin əməkdaşları ilə təmasları olub, lakin müsbət nəticə olmayıb. Mən bildirdim ki, həmin şəxslərlə birbaşa təmas qurulub və cavab alınıb deyə, bundan sonra hüquq müdafiəçilərinin müdaxiləsinin əhəmiyyəti yoxdur. Vaxtında müraciət etmək lazım idi”.

E.Fətullayev N.Pənahlıya niyə icazə verilmədiyini anlamadığını deyir: “Mən başa düşə bilmirəm ki, Nemət Pənahlıya niyə icazə verməyiblər. Bir ehtimal da var ki, Cəzaların Icrası Məcəlləsinə görə, bu hüquqdan yalnız cəzasının üçdə-birini çəkən məhkumlar istifadə edə bilər. Ola bilsin ki, Nemət Pənahlı hələ cəzasının üçdə-birini çəkməyib deyə, bu hüquq ona şamil edilməyib. Amma bu, bir ehtimaldır. Rəsmi əsaslandırmanın nə olduğunu mən də bilmirəm”.

Həcər Pənahlı “Media forum”a açıqlamasında həyat yoldaşının atasının yas mərasiminə buraxılmamasından narazılıq ifadə edib: “Qayınatam vəfat edəndə Penitensiar Xidmətlə əlaqə saxladım. Bildirdilər ki, rəis Mədət Quliyevə məruzə etmək üçün vaxtları yoxdur. Sonra biz etibarlı mənbəmizdən öyrəndik ki, Mədət Quliyevə məruzə eləyiblər. Mədət Quliyev də ”yuxarılara” məruzə edib, ona “yox” cavabı veriblər. Yəni Nemətin müvəqqəti azadlığa buraxılmasına razılıq verməyiblər. Qayınatam xəstə idi. Nemətin həbsinə görə ürəyində çox böyük problemlər əmələ gəlmişdi. Həkim tapşırmışdı ki, çox həyəcanlanmaq, əsəbiləşmək olmaz. Nemətin həbsinə dözmürdü. Bir tərəfdən də işıqları söndürdülər. Soyuqdan ciyərləri xəstələndi. Hər gün deyirdi ki, necə namərd hökumətdir, nəvələrim bu qaranlıqda, soyuqda necə dərs oxusunlar. Bütün bunlara ürəyi dözmədi. Sonda da infarkt keçirdi”.

Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir hesab edir ki, bu, hakimiyyətdə siyasi mədəniyyətin olmaması ilə bağlıdır: “Qənimət Zahid və Mirzə Sakitin nümunəsində çox gözəl ənənə başlamışdı. Biz bunu alqışlayırdıq. Bu ənənəni davam etdirmək lazım idi. Eyni zamanda bunu qanunlar tənzimləməlidir, duyğular yox. Birindən xoşum gəlir icazə verirəm, birilə münasibətim pisdir, icazə vermirəm – şəklində olmamalıdır. Yaxud birini beynəlxalq təşkilatlar müdafiə edir, o birisini müdafiə edənlər yalnız yerli təşkilatlardır. Bu cür olmamalıdır. Bu, idarəetmədə siyasi mədəniyyətin olmamasıdır. Insanın atası rəhmətə gedib. Insan üçün bundan o tərəfi yoxdur. Görəsən, bu qərar verənlərin ataları, anaları, balaları yoxdurmu? Onlar belə bir günün onlar üçün də olacağını bilmirlərmi?”.