Təhsil nazirinin sabiq müavini ilə bağlı yeni məlumat var
Təhsil nazirinin sabiq müavini Elmar Qasımovla bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Məlumatların bəzisində bildirilir ki, Elmar Qasımov yeni təyin edildiyi ARDNŞ-in vitse-prezidentinin müavini vəzifəsini də itirib. Bəzi məlumatlarda isə onun yaxın günlərdə bu vəzifədən də azad ediləcəyi deyilir. Məlumatlara görə, Ilham Əliyev işdən çıxardığı Elmar Qasımova neft şirkətində yüksək vəzifə verdiyi üçün Rövnəq Abdullayevə qəzəblənib. Iddialara görə, Elmar Qasımovun yenidən hədəfə gəlməsi həm də son vaxtlar Təhsil Nazirliyi ətrafında baş verən proseslərlə bağlıdır.
Elmar Qasımovun hazırda ARDNŞ-də işləyib-işləmədiyini dəqiqləşdirmək üçün adıçəkilən qurumla əlaqə saxladıq. Şirkətin mətbuat xidmətindən bildirildi ki, Elmar Qasımov yeni vəzifəsini icra etməkdə davam edir.
Bu arada redaksiyamıza məlumat daxil olub ki, Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin sabiq müdir müavini Orxan Kərimovun açıqlamalarından sonra növbəti həbslər baş verəcək. Orxan Kərimov konkret ad çəkməklə istintaqı pis vəziyyətdə qoyub. Qeyd edək ki, hazırda tələbə köçürmələri və məktəb tikintiləri ilə bağlı ayrı-ayrılıqda cinayət işi başlanıb. Məlumatlarda deyilir ki, Təhsil Nazirliyində daha çox qorxuya düşən iqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyevdir. Onun həm məktəb tikintisi zamanı həyata keçirilən maxinasiyalarda, həm də qanunsuz tələbə köçürmələrində adı hallanır. Ötən sayımızda məlumat vermişdik ki, Şahrza Əliyev artıq bir dəfə istintaqa çağırılıb. Lakin Orxan Kərimovun açıqlamalarından sonra onun yenidən dindirilməsi zərurətinin yarandığı bildirilir.