Dünən hökumət saytları bir-birinin ardınca hakerlər tərəfindən dağıdıldı.
Mən bir az şübhələnirəm ki, əslində, bu haker hücumları hökumətin öz texnoloqlarının özünüreklam məqsədilə düşünülmüş fəndidir, çünki dağıdılan saytların bir çoxunun varlığından çoxumuz elə dünən xəbər tutduq. Ilk dəfə dünən o saytları tıklayanlar tapıldı. Və ilk dəfə dünən o saytları tıklayarkən axır ki, onlarda da oxunmalı bir şeylər tapmaq mümkün oldu. Məsələn, Ilham Əliyevin saytını dağıdanlar ora (president.az) belə bir mətn yerləşdirmişdi: “Xalqın var-dövlətini qəsb etmiş Əliyevlər və onların muzdurları qalxan dünya okeanında Bakı adlı daş parçası üzərində xilas olmağa ümid edir. Bin Əlinin, Mübarəkin, Qəddafinin ümidi kimi boş bir ümid!”
Gözünüz aydın, millət, ölmədik, bu günü də gördük, ilk dəfə Ilham Əliyevin saytında da həqiqəti oxuduq.
Bəli, bu haker hücumu hakimiyyət saytları üçün yaxşıca özünüreklam oldu, yoxsa onların varlığını xalq hardan, necə öyrənəcəkdi? Məsələn, şəxsən mən Bakı şəhər Icra Hakimiyyətinin saytı olduğunu bilmirdim, bu haker hücumu nəticəsində öyrəndim. Hacıbala və internet – bu, çox gülməli səslənir, biri köhnəliyi, feodalizmi, digəri isə çağdaşlığı, modernizmi ifadə edir. Belədə onların ikisi necə bir arada ola bilər? Hətta fikirləşirəm ki, əslində, haker hücumu-zad da boş söhbətdir. Abutalıbovun saytı (elə digərləri də!) öz-özlərinə, hikkələrindən dağılıblar. Bu cür arxaik, orta çağların nüsxələri olan adamları içlərinə sindirə bilmədiklərinə görə dağılıblar.
Üstəlik, bu, bir haker hücumu olsa belə, tutaq ki, aylardır vətəndaşların evlərini dağıdan Bakı şəhər Icra Hakimiyyətinin saytını dağıtmaq meriyaya çox humanist cavabdır, buna görə də Hacıbala müəllimin heç kimdən inciməyə haqqı yoxdur.
Nəinki inciməyə haqqı yoxdur, hətta Hacıbala müəllim hakerlərə təşəkkür eləməlidir, çünki daha pis variant da mümkün idi…
Konstitusiyaya hücumdan da pisdirmi?
Mənə maraqlı gələn Konstitusiya Məhkəməsinin saytının da dağıdılması oldu. Halbuki, mən nəinki Konstitusiya Məhkəməsinin saytı olduğunu bilmirdim, hətta Konstitusiya Məhkəməsinin özünün də artıq çoxdan yoxa çıxarıldığını fikirləşirdim. Haker qardaşlar sağ olsunlar, bunu da bizə xatırlatdılar. Axtarsan, bəlkə bu saat Xəzərdə balina da var, biz xəbərsizik.
Ən komiki odur ki, üç il bundan əvvəl Konstitusiyaya hücum edib orada respublikaçılığın təməllərini təşkil edən maddələri dağıdanlar, monarxiyanın, ömürlük prezidentliyin önünü açanlar indi Konstitusiya Məhkəməsinin saytına hücumdan narahat olurlar. Necə yəni, Konstitusiya Məhkəməsinin saytına hücum, Konstitusiyanın özünə hücumdan pisdirmi? Özləri Konstitusiyanı heçə sayanlar, onun ayaqlar altına atılmasına göz yumanlar başqalarından Konstitusiya Məhkəməsinin saytına hörmətmi gözləyirdilər, yoxsa?
Bu, tələdirmi?
Yuxarıda yazdıqlarım dünənki haker hücumları barədə ilk təəssüratlarımdır. Hər dəfə hansısa hökumət saytı dağıdılarkən ağlımdan ilk keçənlərdir.
Əslində, heç bir haker hücumu təqdir edilə bilməz, amma mən büdcəni dağıdanların saytlarının dağıdılmasına niyə üzülməliyəm? Niyə təəssüflənməli, niyə öfkələnməliyəm?
Hələ orasını demirəm ki, dünən bir neçə internet mütəxəssisilə danışarkən onların tamam fərqli yanaşmasının şahidi oldum. Həmin dostlarımız narahatdır ki, əslində, bu hücumlar elə hökumətin öz layihəsidir, daha doğrusu, tələsidir və alt qatında interneti məhdudlaşdırmaq niyyəti dayanır.
Düzdür, çoxluq axşama doğru artıq işin içində Iran, yaxud Israil barmağı axtarmağa başlamışdı, amma mən, evin içi boğazacan zibilin içindədirsə, onun çölünü süpürməyin məntiqini heç vaxt anlamamışam, yenə də anlamıram.