Cəbhəçiləri şərləyən polislər “ilişdi”; şou-məhkəməni ABŞ diplomatı da izlədi
Yanvarın 15-də Sumqayıt şəhərində AXCP üzvləri polis hücumuna məruz qalıb. Partiya sədrinin müavini Asəf Quliyev və daha bir neçə partiya fəalı amansızlıqla döyülüb. Asəf Quliyevin başı yarılıb. Polis 5 nəfər AXCP fəalını həbs edib.
Hadisə AXCP Sumqayıt və Qubadlı şöbələrinin birgə müşavirəsi keçirilərkən baş verib. Müşavirə Ümid Partiyasının Sumqayıt şəhərindəki qərargahında 20 Yanvar anım mərasiminə hazırlıq məqsədilə keçirilirmiş.
Qərargaha basqın edən polislər AXCP üzvlərini zorla oradan çıxarıb, onları döyüb. Polisin “əməliyyatına” Sumqayıt Polis Idarəsinin rəis müavini Azər Cahangirov başçılıq edib.
Polislər AXCP üzvlərinə qarşı zorakılıqla kifayətlənməyərək onlardan 5 nəfəri həbs edib. Saxlanılanlar 4-cü polis bölməsinə aparılıblar. Bunlar partiya sədrinin müavini Asəf Quliyev, Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, partiya fəalları Elçin Həsənov və Ağaşirin Tanrıverdioğlu, bir də Sumqayıtda fəaliyyət göstərən Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi Birliyinin rəhbəri Elçin Məmməddir.
Hadisə ilə bağlı AXCP dərhal yerli və beynəlxalq hüquq müdafiəçilərini məlumatlandırıb.
Saxlanılanlar bir qədər sonra səhər yenidən bölməyə gəlmək şərtilə buraxılıb.
Dünən Asəf Quliyev, Əbülfəz Qurbanlı, Ağaşirin Tanrıverdi, Elçin Həsənov və Elçin Məmməd səhər saatlarında 4-cü bölmədə olub. Onlara polisə müqavimət maddəsilə ittiham elan edilib. Və onlar bölmədən Sumqayıt Şəhər Məhkəməsinə aparılıb. ABŞ səfirinin siyasi məsələlər üzrə müşaviri Bricit Buşet də cəbhəçilərin məhkəməsini izləyib.
ABŞ səfirinin müşaviri Bricet Bushet məhkəmə binasının önündə
Hakim Ilyas Mahmudovun sədrliyi ilə keçirilən prosesdə ilk olaraq Asəf Quliyev ifadə verib. O, yanvarın 15-də Ümid Partiyasının qərargahında yığıncaq keçirmək istədikləri bildirilib. Yığıncaqdan əvvəl ərazidə olan Sumqayıt Şəhər Icra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Seyfəddin Rəhimovla söhbət olub. Ona partiyanın yığıncağının keçirildiyini bildirib. Seyfəddin Rəhimov isə heç bir problemin olmadığını deyib. Lakin bir qədər sonra polislər qərargaha daxil olaraq cəbhəçilərin oradan çıxmasını tələb ediblər. Çölə çıxdıqdan sonra onlara qarşı zor tətbiq edilib, 4 cəbhəçi və 1 hüquq müdafiəçisi 4-cü bölməyə aparılıb.
Şahid qismində ifadə verən polis serjantı Alik Əhmədov iddia edib ki, cəbhəçilər yolu kəsib və “hay-küy” salıblar. Lakin hakimlə Asəf Quliyevin suallarına ziddiyyətli cavab verməklə “şahid” ifşa olunub. Hakim Alik Əhmədovdan “Səs-küy salırdılar deyəndə nəyi nəzərdə tutursunuz?” deyə sual edib. Şahid isə “Ucadan danışırdılar” cavabını verib. Bu yerdə hakim “Məgər ucadan danışmaq qanunu pozmaqdır?” deyə növbəti sualını ünvanlayıb. Lakin “şahid” yenə dolaşıq cavablar verməklə özünü pis vəziyyətə qoyub.
Şahid qismində ifadə verən sahə rəisi Natiq Dəmirov da poqon yoldaşının söylədiklərini təkrar edib.
Asif Cəfərov adlı “şahid” isə bildirib ki, o həmin ərazidə telefon almaq istəyərkən “qalmaqal”ın şahidi olub. Hakim ona “Bu adamlar nə edirdilər?” deyə sual verib. “Şahid” də polislər kimi “Səs-küy salmışdılar və deyəsən, polisə tabesizlik göstərirdilər” deyə cavab verib. Hakim isə sərt şəkildə “şahid”ə deyib: “Deyəsən yox, konkret de görüm, tabesizlik göstərirdilər, ya yox?!”. “Şahid”in nə cavab verdiyini heç kim başa düşməyib. Bu, hakimi daha da əsəbiləşdirib.
Sonradan bəlli olub ki, Asif Cəfərov yanvarın 15-də özünü AXCP fəallarına partiyanın sədr müavini Nurəddin Məmmədlinin qohumu kimi təqdim edib və onları dəstəklədiklərini deyib. Bu fakt məhkəmədə səsləndirildikdən sonra şahid pis vəziyyətə düşüb.
Növbəti “şahid” polis serjantı Rafael Abdulov da digər “şahid”lər kimi eyni aqibəti yaşayıb. O, ifadə verməmişdən əvvəl hakim ondan Asəf Quliyevi tanıyıb tanımadığını soruşub. “Şahid” “tanımıram” deyə cavab verib. Hakim isə “Tanımırsansa bəs nəyə şahidlik edirsən?” deyə “şahid”ə əsəbiləşib. Lakin sonradan aydınlaşıb ki, Asəf Quliyevə xəsarət yetirən elə Rafael Abdulov olub.
Asəf Quliyevdən sonra Elçin Həsənov ifadə verib. O, heç bir təqsirlərinin olmadığını, əksinə heç bir əsas olmadan bölməyə aparılmaqları bir yana, rəis müavini Azər Cahangirov tərəfindən təhqir olunduğunu deyib.
Daha sonra ifadə verən hüquq müdafiəçisi Elçin Məmməd ona qarşı zorakılıq olduğunu bildirib. Hakim ondan özünü polislərə təqdim edib-etmədiyini soruşub. Elçin Məmməd isə cavabında deyib ki, boynunda vəsiqə olub, bundan əlavə, polislərə hüquq müdafiəçisi olduğunu söyləyib. Lakin polislər heç nəyə əhəmiyyət vermədən onu zorakılıqla polis maşınına mindiriblər.
Ağaşirin Tanrıverdinin ifadəsi də əqidədaşlarının ifadələrindən fərqlənməyib.
Əbülfəz Qurbanlı isə bildirib ki, yanvarın 15-də baş verən hadisə polis zorakılığının bariz nümunəsi olub. O, bu olayı Sumqayıtı qapalı bir şəhərə çevirmək cəhdi kimi dəyərləndirib. Həmçinin əlavə edib ki, o heç qərargaha daxil olmağa macal tapmayıb. Onu yolda rəis müavinləri Azər Cahangirovla Həsən Əsədov həbs edib.
Proses boyu eyni şəxslər şahidlik edib və eyni şəkildə ifşa olunublar.
Məhkəmə hakimin cəbhəçilərə xəbərdarlıq etməsilə yekunlaşıb.
Seyid