AXCP-də toplantı: hakimiyyətin təzyiqlərinə sərt cavab

AXCP Ali Məclisinin Rəyasət Heyəti yanvarın 16-da növbəti iclasını keçirib. İclasda AXCP Ali Məclisinin yanvarın 21-də keçiriləcək sessiyasının gündəliyi təsdiq olunub.
RH regionlarda təşkilatlanma prinsipləri ilə bağlı mühum qərarlar  qəbul edib.
İclasda yaxınlarda həbsdən azad edilən vicdan məbhusu Cabbar Savalanlının təhsilini davam etdirə bilməsi məsələsi də müzakirə olunub. Qərara gəlinib ki, bunun üçün ölkə daxlində hakimyyət xoş məram nümayiş etdirməsə, Cabbarın xaricdə təhsil alması məqsədilə gərəkən addımlar atılsın.
RH partiyaya qarşı təzyiqlər və son günlər özəl taksi xidməti ilə məşğul olan vətəndaşlara yaradılan maneələri pisləyən bəyanat  qəbul edib.

Partiyaya təzyiqlərlə bağlı bəyanatda “son günlər irticanın şiddətlənməsindən” ciddi narahatlıq ifadə edilir. Xatırladılır ki, ötən həftə ərzində hakimiyyət güc orqanlarını AXCP-yə qarşı səfərbər edib. Partiya üzvləri siyasi sifariş əsasında açıq-aşkar təhdid edilib, hədələnib.
“Ötən həftə, ancaq hakim düşüncəyə qarşı olduğuna görə AXCP sədrinin müavini Asəf Quliyev Naxçıvan MTN-dən oğlunun həyatına təhlükə törədiləcəyi ilə bağlı hədə alıb;
AXCP Nizami rayon Qadınlar Şurasının sədri Kəmalə Xəlilova siyasi fəaliyyətini dayandırmayacağı təqdirdə xoşagəlməz aqibətlə üzləşəcəyi barədə xəbərdar olunub;
AXCP Gənclər şöbəsinin fəali, partiya ali məclisinin üzvü Elçin Həsənova qarşı yaşadığı ərazidə polisin ssenarisi əsasında təxribat hazırlanıb;
Sabirabad rayonunda partiyanın regional müşavirəsi başlamazdan əvvəl polis heç bir əsas olmadan AXCP-nin yerli funksionerləri Tofiq Zeynallı və Əliqulu İsmayılovu saxlayıb. Polis saxlanmanın səbəbinin müşavirə ilə əlaqəli olduğunu heç gizləməyib də.
Sumqayıtda polis daha azğın davranaraq AXCP-nin keçirdiyi qapalı zal tədbirinə müdaxilə edib, iştirakçılara qarşı fiziki zoraklıq törədib. AXCP sədrinin müavini Asəf Quliyev, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, AXCP Ali Məclis üzvləri Elçin Həsənov, Ağaşirin Tanrıverdiyev hadisə zamanı xəsarət alıblar. Polisin özbaşınalığı nəticəsində tədbir baş tutmayıb”, – deyə bəyanatda qeyd olunur.
AXCP sadalananları nəzərə alaraq bəyan edir ki, hakimiyyətin güc strukturlarını siyasi təzyiq vasitəsi kimi opponentlərinə qarşı işlətməsi qanunsuzluq və özbaşınalığın görsənişidir.
AXCP bəyan edir ki, hakimiyyət zor metodları ilə onun üzv və tərəfdarlarını demokratiya və ədalət uğurunda mübarizədən bir addım da geri çəkindirə bilməyəcək.
AXCP siyasi fəaliyyət imkanlarının böhran həddinədək məhdudlaşdırıldığını beynəlxalq və yerli təşkilatların diqqətə almalarını, avrotitarizmini gücləndirən Əliyevçı rejimi mədəni və hüquq müstəvisində fəaliyyətə səsləmək üçün təsir imkanlarından istifadə etmələrini vacib sayır.