«Arzu bəy həbsdə olmağımız kimi həlledici olmayan, ötəri məsələlərə görə iddiasından əl çəkməməlidir»
Müsavat Partiyasının Mərkəzi Icra Aparatının rəhbəri, hazırda həbsdə olan Arif Hacılı qarşıdakı qurultayda partiyanın başqanı postuna namizəd olacağını açıqlayıb. Arif Hacılı Lent.az-a müsahibəsində şansları, rəqibləri, partiyanın gələcəyi ilə bağlı fikirlərini bölüşür…
– Arif bəy, Müsavat Partiyasının başqanı seçilmək şansınızı necə dəyərləndirirsiniz?
– Mənə verilən məlumatlara görə, partiya üzvlərinin əksəriyyəti namizədliyimi müdafiə edir. Bir çox rayon təşkilatlarının bu barədə qərarı var. Divanda və Məclisdə də namizədliyimi müdafiə edənlər çoxdur.
Bu məlumatlara əsasən seçkilərin nəticələrinin mənim üçün uğurlu olacağını düşünürəm.
– Məclis sədri uğrunda mübarizə zamanı üzləşdiyiniz durumun təkrarlanacağından ehtiyat etmirsiniz ki?
– Partiyada bütün seçkilər gizli səsvermə yolu ilə demokratik qaydada keçirilir, təbliğat və əks-təbliğat imkanları yaradılır. Bu hal ötəri fəsadlara səbəb olsa da, dərin, qapalı ziddiyyətlərin yaranmasına imkan vermir.
Bu baxımdan, qızğın seçkiöncəsi debatların olması istisna deyil.
– Nüşabə Sadıxlı da namizədliyini irəli sürəcəyini açıqlayıb. Bir zaman Sülhəddin Əkbər və Vurğun Əyyubu dəstəkləyən insanların qurultayda məhz ona dəstək verəcəyi gözləniləndirmi?
– Nüşabə Sadıxlı Müsavat rəhbərliyində dəyərlərə yanaşma baxımından mənə ən yaxın olan şəxslərdən biridir. Onun bacarığını, intellektini, dəyanətini həmişə yüksək qiymətləndirmişəm. Onun Müsavat Məclisi sədrliyinə namizədliyi də mənim təklifimlə müzakirəyə çıxarılmışdı. Kimlərinsə Nüşabə xanıma dəstək verməsi məni narahat edə bilməz. Çünki seçkilərin nəticələrindən asılı olmayaraq Nüşabə xanımın Azərbaycan siyasətində və Müsavat Partiyasının həyatında ciddi rol oynayacağına əminəm.
– Arzu Səmədbəyli həbsdə olan bir şəxslə rəqib olmayacağını, Müsavat Partiyasının başqanı seçilmək üçün namizədliyini verməyəcəyini söyləyib. Bu açıqlamanı necə qarşıladınız?
– Arzu bəyə mənim namizədliyimi müdafiə etdiyinə görə təşəkkür edirəm. Ancaq onun namizədliyini irəli sürməklə bağlı arqumentini ciddi hesab etmirəm. Onun sözündən belə çıxır ki, hazırda məhbus həyatı yaşayan müsavatçılardan hər hansı biri, məsələn, E.Həsənov, yaxud Ü.Quliyev başqanlığa namizədliyini irəli sürsəydi, Arzu bəy ona güzəştə gedərdi.
Arzu bəy Azərbaycan cəmiyyətinin, Müsavat Partiyasının mənafeləri baxımından öz namizədliyini daha vacib, daha layiqli hesab edirsə, bizim həbsdə olmağımız kimi həlledici olmayan, ötəri məsələlərə görə iddiasından əl çəkməməlidir.
– Başqan seçiləcəyiniz halda Müsavat Partiyasının kursunda hansı yeniliklər etmək niyyətindəsiniz?
– Müsavat Partiyasının müsavatçılığın təməl prinsiplərinə əsaslanan, azad, bütöv, demokratik, dünyəvi, firavan Azərbaycan uğrunda mübarizəni nəzərdə tutan strateji kursu dəyişməyəcək. Burada yalnız Müsavat Partiyasının deyil, bütövlükdə demokratik düşərgənin fəaliyyətinin çevikliyini artırmaq məqsədi ilə təkliflər paketi hazırlamışam.
– Necə düşünürsünüz, həbsdə olan bir siyasətçinin partiya idarəçiliyi ilə məşğul olması çətin olmayacaq ki?
– Yaxın vaxtlarda azadlığa çıxacağımıza ümid edirəm. Əks halda, səlahiyyətlərimin icrasına başlayacağıma qədər mövcud strukturlara rəhbərlik edən şəxslər, o cümlədən partiya başqanı öz funksiyalarını həyata keçirməkdə davam edəcəklər. Mən də mövcud imkanlar çərçivəsində proseslərə yardım göstərməyə çalışacağam. Belə hallar Müsavat Partiyası tarixində əvvəllər də olub.
– Belə fikirlər də var ki, Isa Qəmbər də AMIP, ALP-də olduğu kimi lider statusu alıb, partiyanı faktiki idarə edəcək. Bu fikirlər nə dərəcədə əsaslıdır?
– Lider statusu bir vəzifə deyil və səsvermə yolu ilə müəyyənləşməməlidir. Müsavat Partiyası bundan sonra da Nizamnaməsinə və rəhbər strukturlarında qəbul edilən qərarlara əsasən idarə ediləcək. Bilirəm ki, başqanlıqdan sonra Isa Qəmbərin partiyanın siyasətinin müəyyənləşməsinə təsir imkanları azalmayacaq.
– Qurultayın Nizamnamədə dəyişiklik edib, Isa Qəmbəri növbəti dəfə Müsavat başqanı seçməsi ehtimalını necə dəyərləndirirsiniz? Siz özünüz bu variantın tərəfdarısınızmı?
– Bu məsələni beş il əvvəl mənim təşəbbüsümlə Isa Qəmbərin özü ilə müzakirə etmişik. Sonrakı dövrlərdə mən bu məsələni dəfələrlə qaldırmışam. Nizamnamə dəyişikliyinin fəsadlarını və üstün cəhətlərini dəyərləndirməyi təklif etmişəm. Onun bu məsələdə mövqeyi birmənalıdır və məncə, dəyişməzdir.