«Bu şəxslərin azadlığa buraxılmaması siyasi anlam daşıyır»
Yanvarın 13-də “Insan Haqları Uğrunda” Ictimai Birliyin monitorinq qrupu 14 saylı cəzaçəkmə müəssisəsində monitorinq aparıb. Ictimai Birliyin sədri, monitorinq qrupunun rəhbəri Eynulla Fətullayevin qəzetimizə verdiyi məlumata görə, monitorinqin məqsədi cəzaçəkmə müəssisəsində saxlanma şəraitinin yoxlanılması və bu müəssisədə saxlanan vicdan məhbuslarının durumunun təhqiqi, problemlərinin aşkar edilməsi olub. Məni monitorinqə vadar edən səbəblərdən biri də müəssisədə saxlanan vicdan məhbusu Bəxtiyar Hacıyevin görüşlə bağlı etdiyi müraciəti olub.
Monitorinq zamanı qrupun rəyi ondan ibarətdir ki, 14 saylı müəssisədə ən böyük problem bu həbsxananın karyerlərin əhatəsində yerləşməsi və burada daim tozlu havanın olmasıdır. Bu, məhkumların səhhəti üçün həddən ziyadə təhlükə törədir, onların sağlamlığına ciddi fəsadlar törədir. Ən böyük problemlər sırasında – su təminatında yaranmış problemdir. Təxminən üç gündür ki, müəssisənin və ümumiyyətlə, Puta qəsəbəsinin su ilə təminatında ciddi problemlər yaranıb. Eyni zamanda, son aylar ərzində müəssisədə müsbət işlər də görülüb. Belə ki, ötən ay bütün yataqxanalarda döşəmələr taxtadan salınıb. Müəssisədə yüksək standartlara uyğun yeni hamam tikilib. Təmir işləri üçün dövlətdən ayrılan vasait hesabına görüş otaqlarında, sanitar-gigiyenik qovşaqda əsaslı təmir işləri aparılır.
“Bəxtiyar Hacıyevin əhval-ruhiyyəsi çox yaxşıdır. Saxlanma şəraiti ilə bağlı heç bir şikayəti olmayıb”, deyən E.Fətullayev B.Hacıyevin əsas iradının onun hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq kampaniyanın zəif aparılması ilə bağlı olub. Hüquq-müdafiəçisi bildirdi ki, B.Hacıyevlə onun müdafiə kampaniyasının özəllikləri ilə bağlı ciddi müzakirələr aparıblar.
Eynulla Fətullayev AXCP funksionerləri Sahib Kərimli və Şahin Həsənli ilə görüş barəsində də məlumat verdi. “Onların da saxlanma şəraiti ilə bağlı şikayəti olmadı. Mənə dedilər ki, onlarla yüksək hörmətlə davranırlar. Şahin Həsənlinin səhhətində problemlər yaranıb. O, radikulitdən əziyyət çəkir, mədə-bağıqsaq sistemində də problemləri var. Buna görə Şahin bəyi tibbi hissəyə yerləşdiriblər və hazırda ambulator müalicə alır. O məndən xahiş etdi ki, müayinə olunmaq üçün müalicə müəssisəsinə köçürülməsinə köməklik göstərim. Mən də öz növbəmdə Penitensiar Xidmətin rəhbərliyi qarşısında müvafiq vəsatətlə çıxış edəcəyimə söz verdim”.
Bundan başqa, Ş.Həsənli E.Fətullayevə yazdığı məktublara senzuranın təyin olunması barədə informasiya verib. Belə ki, Ş.Həsənlinin bir dəfə AXCP sədri Əli Kərimliyə məktub yazmasından sonra onun bütün məktublarını türmə nəzarətçiləri yoxlayır və onların bir qismi ünvanına çatmır. Ş.Həsənli bunun nə dərəcədə qanuna uyğun olduğu ilə bağlı E.Fətullayevdən informasiya alıb. E.Fətullayev isə bildirib ki, məktublar yalnız saxlanılan məkanla bağlı gizli informasiyanın ötürülməsi zamanı saxlanıla bilər. Başqa hallarda isə məktubları türmə rəhbərliyi açıb oxusa da, daha sonra onlar ünvanına çatdırılmalıdır.
S.Kərimlinin ondan vicdan məhbuslarının durumu barədə beynəlxalq təşkilatlarda hansı məlumatların olduğunu soruşduğunu deyən E.Fətullayev qeyd edib ki, yaxın zamanlarda nüfuzlu benyəlxalq təsisatların məsələ ilə bağlı kəskin mövqeyi açıqlanacaq.
Monitorinq zamanı E.Fətullayev hüquq-müdafiəçisi Vidadi Isgəndərli ilə də görüşüb. E.Fətullayevin verdiyi məlumata görə, Vidadi bəy hüquq-müdafiəçilərinin ona biganə münasibətindən gileylənib. “Vidadi Isgəndərli saxlanma şəraiti ilə bağlı şikayətlər təqdim etdi. O, sanitar qovşaqlara növbədən əziyyət çəkdiyini, su təminatı ilə bağlı yaranan fasilələri, karantin zamanı məhkumların əməyə cəlb edilməsindən narazıdır. V.Isgəndərli hesab edir ki, bu, qeyri-insani rəftarın təzahürüdür. O, həm də hesab edir ki, onu müəssisədə AIDS və ya vərəm xəstəliklərinə qəsdən yoluxdurmaq istəyirlər. Ona qarşı təxribat hazırlanır. Mən də elə müəssisədə olarkən V.Isgəndərlinin sui-qəsd təhlükəsi ilə bağlı müəssisə rəisinin səlahiyyətlərini icra edən Nazim Kəngərliyə müraciət etdim. Rəis V.Isgəndərlinin oxşar məlumatla ona da müraciət etdiyini dedi və bildirdi ki, mən V.Isgəndirliyə yazılı şəkildə iltizam verməyə hazıram ki, onun gümanları tam əsassızdır və iltizamıma görə məsuliyyət də daşımağa hazıram”.
Vicdan məhbuslarının son əfv zamanı azadlığa buraxılmamasını təsadüfi saymayan E.Fətullayev bildirdi ki, bu şəxslərin əksəriyyəti sərbəst toplaşmq azadlığının bərpası uğrunda mübarizə apardıqları üçün həbs olunublar. Ona görə hakimiyyət onları azadlığa buraxmamaqla öz siyasətini qorumuş olur: “Bu şəxslərin azadlığa buraxılmaması siyasi anlam daşıyır. Bununla hakimiyyət ictimaiyyətə göstərmək istəyir ki, Konstitusion hüquqlar uğrunda mübarizə aparan hər kəsin aqibəti bu cür olacaq. Ölkədə sərbəst toplaşmaq azadlığının bərpa olunmaması buna işarədir. Bu şəxslərin paytaxdan uzaqdakı təcridxanalara yerləşdirilməsi də təsadüfi deyil. Çünki bu həbsxananın yerləşdiyi coğrafi məkan insan sağlamlığı üçün ciddi fəsadlar yaratmağa qadirdir. Insanların uzun müddət burada saxlanılması səhhətdə ciddi problemlərə səbəb ola bilər”.
Xəyal