Ziya Məmmədov 10 min ailə başçısını işsiz, təxminən 40-50 min adamı da çörəksiz qoyur
Işsizliyin aradan qaldırılması üçün çalışdığını iddia edən hökuməti isə bu insanların taleyi düşündürmür…
Taksi sürücüləri ailələrinin dolanışıq mənbəyinin nəqliyyat naziri Ziya Məmmədov tərəfindən qapadılmasına etirazlarını davam etdirir. Sürücülərin növbəti etiraz aksiyaları ötən gün “Elit” Ticarət Mərkəzi və “Xətai” metrostansiyasının qarşısında keçirildi. Hər iki aksiyada onlarla taksi sürücüsü iştirak edirdi.
“2 min manatımız olsaydı, niyə taksi sürürdük?!”
Sürücülər Nəqliyyat Nazirliyinin taksilərlə bağlı qərarına etirazlarını bildiriblər. Aksiya iştirakçılarının sözlərinə görə, taksi sürücülərinin əksəriyyətinin maşınları 1994-2000-ci illərin istehsalıdır. Nəqliyyat Nazirliyi 2007-dən əvvəlki illərin istehsalı olan avtomobillərlə taksi fəaliyyətilə məşğul olmağa qadağa qoymaqla, minlərlə ailəni gündəlik çörəkpulundan məhrum edib.
Sürücülər onu da qeyd ediblər ki, Nəqliyyat Nazirliyinin təklif etdiyi yeni “London taksiləri”ndə işləmək mümkün deyil. Səbəbini də izah elədilər. Əvvəla, yeni taksilərdə işləmək üçün qabaqcadan 200 manat depozit alınır, bundan əlavə, gündəlik 50 manat plan vermək lazımdır ki, bu pulu da çıxarmaq mümkün deyil. Sürücülərin sözlərinə görə, yeni taksilərdə işləmək üçün əlverişli şərtlər təklif olunsaydı, razılaşardılar: “Gündəlik 50 manat planı ödəmək mümkün deyil. Bizə çatan xəbərlərə görə, London taksilərində hazırda işləyənlər gündəlik planı çıxarıb verə bilmədiyinə görə onların çoxu işdən çıxır. Bizim maşınlarımız 2007-ci ildən əvvəlki illərin istehsalıdır. Təzəsini almağa imkanımız yoxdur. Deyirlər, maşına yeni naviqasiya və başqa sistemlər quraşdırılmalıdır, ağ rəngə boyanmalıdır. Bunun üçün bizə 2 min manat lazımdır. 2 min manatımız olsaydı, niyə taksi sürürdük? Elə bu pulu verib, yeni işə düzələrdik də”.
Sürücülər deyir ki, aya 50 manat rüşvət verirlər: “Halbuki, 20-30 manat rüsum verməliyik. 50 manata da razıyıq, təki əvvəlki kimi işləyə bilək”.
Hər iki aksiya insidentsiz ötüşüb, çünki etirazın ifadə olunduğu ərazidə polislər yox idi. Əraziyə Post-Patrul Xidməti maşını gələndə isə sürücülər iş başında idilər.
Ziya Məmmədov yeni işsizlər ordusu yaradır
“Iqtisadi Təşəbbüslərə Yardım” Ictimai Birliyinin eksperti Samir Əliyev “anspress.com”a açıqlamasında deyib ki, Nəqliyyat Nazirliyinin bu qərarı yeni işsizlər ordusu yaradacaq: “Azərbaycanda insanların ən son iş yeri taksi fəaliyyətidir. Çünki hər hansı səbəbdən işini itirən insanların avtomobilləri varsa, son variant olaraq, taksi fəaliyyətilə məşğul olurlar. Bakıda lisenziyasız taksi xidməti göstərən sürücülərin sayı 10 mindən artıqdır. Lisenziya alınması prosesi insanların həm iş yerinin itirilməsi, həm də sosial vəziyyətinin pisləşməsinə gətirib çıxara bilər”.
Samir Əliyevin sözlərinə görə, Azərbaycanda nəqliyyat sistemi liberallaşdırılsa da, son zamanların müşahidə edilən tendensiya bu addımın ziddinə gedir: “Nəqliyyat sistemi bir müddət özəlləşdirildi və özəl sahibkarların ixtiyarına verildi. Bu proses bir müddət belə davam etdi. Sonradan hökumət bu prosesə nəzarət etməyə və öz əlinə götürməyə başladı. Dövlət büdcəsindən külli miqdarda vəsait ayrılır. Bakıya həm taksilər, həm də avtobuslar gətirilməyə başladı. Bütün bunlar Nəqliyyat Nazirliyi vasitəsilə həyata keçirilir. Mənim fikrimcə, bu liberallaşmaya ziddir. Getdikcə özəl sahibkarlar nəqliyyat sistemindən tamamilə uzaqlaşdırılacaq”.
London taksiləri 10 min ailəni ac qoyacaq
Bakıya “London taksiləri”ni gətirən “Baku Taxi Company” şirkətinin rəhbəri Eldar Qasımov isə hesab edir ki, lisenziyasız taksilərin işinə qadağa qoyulması bu sahədə göstərilən xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcək. Onun sözlərinə görə, Bakının küçələrində işləyən taksilərin çoxu həm texniki nöqteyi-nəzərdən, həm də rahatlıq və təhlükəsizlik baxımından müasir tələblərə cavab vermir: “Ona görə də bu avtomobillərin istismardan çıxarılması sərnişinlərə göstərilən xidmətin keyfiyyətini yaxşılaşdıracaq, rahatlığı və təhlükəsizliyi təmin edəcək”.
Xatırladaq ki, nəqliyyat naziri Ziya Məmmədov Azərbaycanda lizenziyalaşdırılmamış taksilərin sayının 10 mini ötdüyünü qeyd etmişdi. Deməli, ölkədə ən azı 10 min əlavə işsiz olacaq. 10 min nəfər işsiz isə 10 min ailə başçısının işsiz, 40-50 min nəfərin isə çörəksiz qalması deməkdir…
Görəsən, işsizliyin aradan qaldırılması üçün çalışdığını iddia edən hökumət 10 minlərlə insanın taleyini niyə düşünmür?
Dövlət Yol Polisinin texniki baxışından keçmiş avtomobillərə hansı əsasla taksi fəaliyyətilə məşğul olmağa icazə verilmir? Axı, avtomobil texniki baxışdan keçibsə, deməli, istifadəyə yararlıdır…
Ramin DEKO