İş adamının sement biznesi necə çökdürülüb?

Məhəmməd Qasımov: “Aqil Əliyevin adamları mənə tələ qurdu və….”

“Biznesimi itirdim, bu azmış kimi, 350 min dollara yaxın ziyana düşdüm»

Məhəmməd Qasımovun sözlərinə görə, Aqil Əliyevin Heydər Əliyevə məsələ barədə bu cür məlumat verməsi səbəbsiz deyildi: “Elə zənn etməyin ki, Aqil müəllim Heydər Əliyevi aldadırdı. Xeyr. Məsələ burasındadır ki, Aqil Əliyevə də o cür məlumat verilmişdi. Onu da aldatmışdılar, yalan demişdilər. Çünki Aqil Əliyev əsl həqiqəti bilsəydi, adamlarını bu işi görməyə qoymazdı. Hər halda, mən Aqil Əliyevi yaxşı və qanunpərəsət adam kimi tanımışam”.

əvvəli ötən sayımızda

Məhəmməd Qasımov deyir ki, bu hadisədən sonra o, Azərbaycanda sement biznesi ilə məşğul olmaq istəyib: “Iran və Türkiyədən Azərbaycana sement gətirmək sərf etmirdi. Ölkədə isə yalnız bir zavod var idi: ”Qaradağ-Sement”. Lakin həmin zavoddan mal almaq mümkün deyildi. Çünki zavodun öz müştərisi var idi. Elə bu səbəbdən idi ki, zavodun qiymətləri ilə bazar qiymətləri kəskin fərqlənirdi. Yəni, zavodda sementin bir kisəsi indiki pulla 2 manat 20 qəpik, bazarda satışı isə 5 manat təşkil edirdi. Mən bu məsələ ilə bağlı Aqil Əliyevin yaxın ətrafına daxil olan Dəyanət Ismayılovun yanına getdim. Ona bildirdim ki, zavoddan sement almağıma yardımçı olsun. O da Aqil müəllimlə danışaraq razılıq aldı. Bundan sonra mənə həmtəsisçisi Aqil Əliyev olan “Eko Servis” MMC-nin sənədləri verildi. Mən bu firmanın adı ilə zavoda girməli idim”.
Keçmiş iş adamı “Qaradağ-Sement” zavodunun direktoru Aleks Traunun yanına gedərək sement almaq istəyir: “Lakin o mənə bildirdi ki, bizim öz müştərimiz var. O, hələ bilmirdi ki, ”Eko Servis” firması kimə bağlıdır. Mən bu firmanın Aqil Əliyevə məxsus olduğunu deyəndə dərhal bizə mal verməyə razılaşdı. Beləliklə, mən sement biznesinə başladım. Lakin bu işin ömrü 13 gün çəkdi”.
Məhəmməd Qasımov bildirir ki, 13 gün ərzində 187 min dollar gəlir əldə edib: “Bu işi mən Dəyanət Ismayılov və Böyükağa Abdullayevlə birgə görürdüm. Lakin onlar mənə tələ qurdular və biznesimi itirməli oldum. Bu azmış kimi, 350 min dollara yaxın ziyana düşdüm. Hadisə belə oldu. Onlar mənə dedilər ki, Aqil Əliyev səndən qazanc barədə soruşsa, de ki, 20 min qazanc olub. Lakin mən Aqil Əliyevə bu cür ağ yalan danışmaq istəmədiyimi bildirdim. Onlar təkid etsələr də, mən qəti şəkildə bundan imtina etdim. Bu məsələdən bir neçə gün sonra isə onlar mənə dedilər ki, Aqil Əliyev səni sement biznesindən kənarlaşdırıb. Mən təəccübləndim ki, bu, necə ola bilər. Lakin heç bir izahat ala bilmədim. Sonradan mənə bəlli oldu ki, Aqil Əliyevə mənim barəmdə yalan məlumatlar veriblər. Həmin vaxt mən sement alverçilərindən xeyli sifariş götürmüşdüm. Pulu da qabaqcadan banka ”Eko Servis”in hesabına ödənmişdi. Mən işdən kənarlaşdırılanda pulu da qaytarmadılar. Və xeyli borca düşdüm”.
Məhəmməd Qasımovun açıqlamalarından görünür ki, Aqil Əliyevin ətrafında olan adamlar bir-birlərinə qarşı qeyri-səmimi olublar. Daha çox qazanmaq üçün intriqalara baş vurublar. Vaxtilə bu intriqalara baş vuran Böyükağa Abdullayev də sonradan özü qurbana çevrilib. Aqil Əliyevin digər adamı Imran Eyvazov onu neytrallaşdırmaq üçün Ilqar Əliyevə yalan məlumatlar verib və onun həbsinə nail olub.
Yeri gəlmişkən, Imran Eyvazovla Böyükağa Abdullayev də Tovuzdandır.

Azad Akifoğlu