Sabirabadda saxlanılan AXCP fəalları Əliqulu İsmayıov və Tofiq Zeynallı sərbəst buraxılıblar. Xatırladaq ki, onları polis rayonda partiyanın keçirdiyi zona müşavirəsi ilə əlaqədər saxlayıblar.
AXCP-nin zona müşavirəsi isə artıq başlayıb. Müşavirədə iştirak edən AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov azadlıq.info-ya bildirib ki, müşavirənin keçirildiyi partiya qərargahını pois və mülki geyimlilər əhatəyə alıb. Ətrafda polis postu qurulub. Bununla belə müşavirənin gedişinə hər hansı müdaxilə yoxdur.
***
Partiyanın rayonda müşavirə küçirmək istəyi hakimiyyəti təşvişə salıb
Bu gün AXCP Sabirabad rayonunda zona müşavirəsi keçirməlidir. Müşavirənin qarşısını almaq üçün rayon rəhbərliyi hərəkətə keçib və yerli cəbhəçilərin həbsinə başlayıb.
AXCP-dən aldığımız bilgiyə görə, 2 nəfərin həbs edildiyi deyilir, hazırda dəqiqləşmə aparılır. Bakıdan müşavirəyə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və mətbuat xidmətinin rəhbəri Natiq Ədilov yollanıblar.
“Facebook” şəbəkəsində AXCP Sabirabad adından yayılan məlumatda isə deyilir ki, rayonda tuthatut başlayıb. Səhər saatlarında AXCP Sabirabad şöbəsinin fəalı İsmayılov Əliqulu polislər tərəfindən saxlanılıb.