Rüstəm Usubov Rafiq Tağının qardaşına nə deyib?

Ilqar Tağıyev: «Rüstəm Usubov mənə bildirdi ki, istintaqa cəlb olunan yoxdur, lakin bir neçə versiya araşdırılır»

Baş prokurorun birinci müavini Rüstəm Usubov bir müddət əvvəl qətlə yetirilən tanınmış yazıçı-publisisti Rafiq Tağının qardaşı Ilqar Tağıyevi qəbul edib. Bu barədə I.Tağıyevin özü məlumat verib. Onun sözlərinə görə, R. Usubov istintaqın gedişi barədə ona məlumat verib: “Rüstəm Usubov mənə bildirdi ki, hələlik istintaqa cəlb olunan yoxdur. Lakin bir neçə versiya araşdırılır. Ayətullahların fətvaları, Rafiqin iş yerində hər hansı konfliktinin olub-olmaması barədə versiyalar üzərində də araşdırmalar davam etdirilir. Lakin konkret hansısa versiya üzərində dayanılmayıb. Istintaqda hələ ki, konkret bir nəticə yoxdur. Ancaq ümid edirəm ki, bu işlərin bir nəticəsi olacaq”.
I.Tağıyev qardaşının ailə üzvlərinin onun ölümü ilə bağlı cinayət işini araşdıran Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsini məhkəməyə vermələri barədə olan xəbərlərə də aydınlıq gətirib: “Vəkil Elçin Sadıqov mərhumun ailəsi adından şikayət ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edib. Lakin Rüstəm Usubov mənimlə görüşündə bildirdi ki, məsələni araşdırırlar. Söz verdi ki, bizim məhkəmə iddiamızda göstərilən məsələlər həllini tapacaq. Mən də buna inanıram. Bizim iddia ərizəmiz hələ məhkəmədədir. Yəqin ki, geri götürəcəyik”.
Qeyd edək ki, yanvarın 12-də vəkil Elçin Sadıqov APA-ya açıqlamasında Rafiq Tağının ailə üzvlərinin onun ölümü ilə bağlı cinayət işini araşdıran Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsini məhkəməyə verdiklərini deyib. O, ailənin şikayət ərizəsində qətlin ətraflı şəkildə araşdırılmadığını və digər məsələləri qeyd etdiklərini deyib: “Bir neçə məsələ ilə bağlı istintaqa vəsatət versək də həmin vəsatətlərə cavab verilməyib. Buna görə də şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişik”.