Bu il ARDNŞ-in qanunsuz tikililərlə bağlı qaldırdığı iddiaların sayı 16 minə çatacaq
2011-ci ilin yekunlarına görə, ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ərazisindəki yaşayış və qeyri-yaşayış obyektlərinin qanunsuz tikintisi məsələsi üzrə məhkəmələrə verdiyi iddia ərizələrinin ümumi sayı 12 minə yaxın təşkil edir. Trend-in məlumatına görə, bunu ARDNŞ-nin Hüquq Idarəsinin rəisi Eldar Orucov jurnalistlərə bildirib. Onun sözlərinə görə, dörd min iddia ərizəsi üzrə artıq qərar çıxarılıb. Iddiaların böyük əksəriyyəti məhkəmələrə ötən ilin martında təqdim olunub.
Eldar Orucov bildirib ki, Dövlət Neft Şirkəti bir neçə il ərzində ARDNŞ şirkətinə məxsus ərazilərdə qanunsuz tikilmiş bütün obyektlər üzrə məsələ qaldırılmasını planlaşdırır.
Təkcə 2012-ci ildə “Binagadi oil” (Bakının Binəqədi rayonu) neft şirkətinin meydançalarında yerləşən qanunsuz tikililərə dair 8 minə yaxın iddia qaldırılması planlaşdırılır.
Artıq insanların yaşadıqları və hələ məhkəmənin barəsində qərar çıxarmadığı qanunsuz tikililər sökülməyəcək.
Eldar Orucovun sözlərinə görə, ARDNŞ öz ərazilərinin qanunsuz tikililərdən müdafiəsi məqsədilə təhlükəsizliyin və hüquqi sənədləşmənin təmin olunması üçün böyük həcmdə vəsait xərcləyir.
Beləliklə, ARDNŞ rəsmisinin sözlərindən aydın olur ki, 2012-ci ildə iddiaların sayı 16 minə çatacaq. Sirr deyil ki, Azərbaycanda müstəqil məhkəmə yoxdur. Ona görə də ARDNŞ-in qaldırdığı iddiaların təmin olunacağına şübhə yoxdur. Ən yaxşı halda, iddiaların böyük əksəriyyəti ilə bağlı ARDNŞ-in xeyrinə qərar çıxarılacaq. Bu isə minlərlə evin söküləcəyi və onminlərlə insanın küçədə qalması deməkdir.