Qonağın qonaq çağırması

Suriyada baş verənləri qəzəbsiz izləmək mümkün deyil. XXI əsrdə anti-Bəşər Əsəd kimi cəlladların, qaniçənlərin mövcudluğu utancvericidir. Dünya ən ağılalmaz icadlara imza atır, texnoloji inkişaf pik nöqtəsinə çatıb, insan zəkası inanılmazları gerçəkləşdirir, əminəm ki, bu cür insanlıq qatillərinin bir daha doğulmamasının da yolu tapılacaqdır. Suriyada yaşananların tarixin bir də heç bir dönəmində yaşanmaması üçün bu çox vacibdir.

Mənsə Suriyada olub-bitənləri qəzəblə bərabər, həm də həyəcanla izləyirəm. Bir dəfə də yazmışdım, anti-Bəşər Əsədlə bizim şahənşahı çox incə tellər bağlayır, heç bir tiranın çöküşü Ilham Əliyevi Suriya diktatorunun devrilməsi qədər əndişələndirməyəcək, depressiyaya salmayacaq. Təkcə ona görə yox ki, aralarında ailəvi dostluq münasibətləri var, həm də ona görə ki, onların hakimiyyətə gəliş ssenarisi də oxşardır, hər ikisi hakimiyyəti öz atalarından miras alıb, bu mənada anti-Bəşər Əsədin çöküşü hakimiyyətin irsi yolla ötürüldüyü bütün rejimlərə sarsıdıcı zərbə olacaq.
Bir də Suriya hadisələrində bu qədər qana, qansızlığa rəğmən komik bir məqamın şahidi olduq. Ərəb Ölkələri Liqası anti-Bəşər Əsədi durdurmaq üçün guya qollarını sıvadılar. Təsəvvür edirsinizmi, həmin ölkələri idarə edən zehniyyətlər Suriya diktatorundan əsla fərqlənmirlər, boğazacan zir-zibilin içindədirlər, üstəlik, öz xalqları ayağa qalxsa, ona qarşı anti-Bəşər Əsəddən daha amansız, daha zalım davranarlar. Amma indi çıxıb Suriya diktatorunun başına ağıl qoymaq istəyirlər. Mən aylardan bəri ilk dəfə anti-Bəşəri təqdir elədim, ərəb ölkələrinin müşahidəçilərini Suriyaya buraxdı, sonra elə onların gözü qarşısında cəlladlığını davam etdirdi. Bu, həmin ölkələrə yaxşı cavab idi. Sanki demək istəyirdi ki, əvvəlcə evin içi, sonra çölü. Yəni öncə gedin öz ölkənizdə insan haqlarına, demokratiyaya, ədalətə, hüquqa hörmət edin, sonra gəlin, mənim başıma ağıl qoyun.
Bəli, ərəb ölkələri şahənşahlarının bu saat anti-Bəşəri durdurmaq üçün əl-ayağa düşməyə heç bir mənəvi haqları çatmır, onların özü də Əsədin xurcuntayıdır. Belədə üzərlərinə götürdükləri sülh missiyası biabırçılıqla sonlanmalı idi, necə ki, sonlandı da.
Yeri gəlmişkən, mən eyni biabırçılığı yaxın vaxtlarda Azərbaycan hakimiyyətinin də yaşayacağını gözləyirəm. Məsələ burasındadır ki, bizim xarici işlər naziri BMT Təhlükəsizlik Şurasında hansısa müzakirələrə qatılıb, deyib ki, Azərbaycanda Afrika ölkələrinin problemlərinə həsr olunmuş konfransa ev sahibliyi etmək istəyirik. Daha nə deyəsən, nə yazasan?
Əvvəla, “ərəb baharı” bütün avtoritar rejimlərin artıq bu dünyada bir qonaq olduğunu gözlərimiz önünə sərir, onlara XXI əsrdə yer olmadığını göstərir. Elə yaptokratiya özü də bu saat qonaqdır, o, necə ev sahibliyi edə bilər? Xalqımızın qonaqpərvərliyinə isə çox bel bağlamaq lazım deyil, indi bunlar kimi qonağı dünyanın heç yerində sevmirlər.
Ikincisi, ölkənin adını bütün beynəlxalq hesabatlarda, korrupsiyanın, demokratiyanın səviyyəsilə bağlı siyahılarda Afrika ölkələrilə bir sıraya qoymaq üçün əlindən gələn və gəlməyən hər şeyi edən bir rejim indi çıxıb Afrika ölkələrinin problemlərinə həsr olunmuş konfransa ev sahibliyi etmək istəyir. Adama deməzlərmi, axı nə haqqınız var buna sizin? Haranıza yaraşır sizin bu konfrans? Azərbaycanı Afrikanın bir parçasına çevirməyiniz azmış kimi, indi də dünyayla məzələnmək fikrinə düşmüsünüz?
Əlbəttə, Azərbaycanda belə bir konfrans keçirilə bilər, amma bir şərtlə. Ya o konfransa gələn Afrika ölkələri nümayəndələri qonaq sayılmayacaq, elə onlar da özlərini ev sahibi kimi aparacaqlar, ya da siz də o konfransda qonaq kimi oturacaqsınız. Tıpkı Zimbabvedən, Banqladeşdən, Mərakeşdən, Qambiyadan gələnlər kimi… Çünki sayənizdə hansı üzünə çevirsəniz, Azərbaycan da artıq bir növ o ölkələrin siyahısına daxil olub, doğmalaşıb. Çünki elə sizi də hansı üzünə çevirsək, Afrika ölkələrini idarə edən zehniyyətlərdən heç bir fərqiniz yoxdur.
Istənilən halda, belə bir konfrans keçirmək istəməyinizin anti-Bəşər ağılda olan ərəb ölkələri başçılarının durub da Suriyada axan qanın arasına girmək fikrinə düşməsindən heç bir fərqi yoxdur. Onların uğradığı biabırçılıq sizi də gözləyir.
Çünki “özünə umac ova bilməyənlərin başqasına əriştə kəsməsinin” axırı həmişə rüsvayçılıqla bitmişdir, bundan sonra da belə olacaqdır.