Əli Hüseynovdan absurd əsaslandırma

Qubad İbadoğlu: «Korrupsiyanı vəsaitin çoxluğu yox, onun xərclənməsində şəffaflığın, dövlət nəzarətinin olmaması yaradır»

Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü, deputat Əli Hüseynov Azərbaycanda korrupsiyanın olmasını maraqlı şəkildə əsaslandırıb. Ə.Hüseynov deyib ki, Azərbaycanda korrupsiyanı səciyyələndirən hallardan biri də ölkədəki güclü iqtisadi inkişafdır. Deputat səbəblərdən biri kimi, hazırda Azərbaycanda həddən artıq çox vəsaitin olmasını da göstərib.
Iqtisadçı Qubad Ibadoğlu isə deyir ki, bu cür fikirlər zəif idarəetmə sisteminə malik olan, qeyri-şəffaf və hesabatsız fəaliyyət göstərən hakimiyyətlər üçün xarakterikdir: “O ölkələrdə ki, həqiqətən vəsaitlər çoxdur, onun xərclənməsində isə şəffaflıq yoxdur, eyni zamanda dövlət maliyyə nəzarəti zəifdir, idaretmə sistemi effektiv fəaliyyət göstərmir. Bu prizmadan yanaşsaq, Əli Hüseynovun fikirlərinə şərik ola bilərəm. Məsələn, Norveç də kifayət qədər vəsaitə malikdir. Amma biz deyə bilmərik ki, varlı ölkə olduğu üçün orada korrupsiyanın səviyyəsi yüksəkdir. Norveçdə Azərbaycandan dörd milyon az əhalinin yaşamasına baxmayaraq ölkənin büdcəsi 2010-cu ildə 226.8 milyard dollar olub. Bu, Azərbaycanın 2012-ci il üzrə büdcə gəlirlərindən 11 dəfə çoxdur. Norveçin iqtisadi göstəriciləri də yüksəkdir, amma korrupsiyanın səviyyəsi çox aşağıdır”.

Iqtisadçının sözlərinə görə, istənilən halda ölkədə vəsaitlərin çox olması korrupsiyaya rəvac vermir: “Azərbaycanla müqayisədə kifayət qədər yüksək gəlirlərə malik ölkələr var. Amma o ölkələrdə korrupsiyanın reytinqi kifayət qədər aşağıdır. Qətər dünyanın varlı ölkələrindən biridir. Orada neft gəlirləri həddən artıq yüksəkdir və ölkədə avtoritar rejim hökm sürür. Bununla belə, korrupsiyanın səviyyəsinə görə, Qətər ABŞ-dan da, Fransadan da yaxşı vəziyyətdədir. Bu onu göstərir ki, korrupsiyanın səviyyəsini rejimin xarakterindən asılı olmayaraq aşağı salmaq mümkündür. Tək Qətərdə yox, bir sıra başqa avtoritar rejimlərdə də korrupsiyanın səviyyəsi çox aşağıdır. Çünki o rejimlər özlərinin nüfuzuna da diqqət yetirir. Çox təəssüf ki, Azərbaycanda nüfuz baxımından da korrupsiyaya qarşı mübarizə effektli deyil”.

Gültəkin