“Sanksiyalar İran rejimini dəyişmək cəhdi kimi başa düşülə bilər”

Rusiya xarici işlər nazirinin müavini: “Qərbin sanksiyaları İran iqtisadiyyatına təsir edir”

Yanvarın 13-də jurnalistlərə açıqlama verən Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov Qərbin İrana qarşı sanksiyalarından danışıb.
Rusiya hökumətinin İranın “Fordu” nüvə təsisatında uranı zənginləşdirməyə başlamasından narahat olduğunu bəyan edən Gennadi Qatilov deyib: “İrana qarşı sanksiyaların şiddətləndirilməsi və bu ölkəyə qarşı hər hansı hərbi seçim İran rejimini dəyişmək cəhdi kimi başa düşülə bilər. Qərb ölkələrinin İrana qarşı birtərəfli sanksiyaları BMT Təhlükəsizlik Şurasının qərarlarından irəli gedib. Bu isə İran iqtisadiyyatına və onun xalqına təsir edir. Bu kimi hərəkətlər beynəlxalq ictimaiyyətin İranın nüvə problemini həll etmək imkanlarını azaldır.
Digər tərəfdən də İran beynəlxalq ictimaiyyətin uranı zənginləşdirməyi dayandırmaq tələblərini və nüvə fəaliyyətinin mahiyyəti barədəki nigaranlığı rədd edir, nüvə təsisatlarındakı fəaliyyətlərini davam etdirir” (“Media forum”).