“Biz Türkük, köhnə Türkük, heç zaman qul olmarıq”
“Ulu Türk xaqanlığını qura bilməsək belə qüvvətli bir Türk birliyi qurmalıyıq”
Qırğızıstan prezidenti Almazbek Atambayev Türkiyədə səfərdədir. Türkiyə hökuməti Atambayevi xüsusi qonaqpərvərliklə qarşılayıb. Atambayev isə çıxışlarında Türk dünyasını birləşməyə çağırıb.
“Ulu Türk xaqanlığını kura bilməsək belə, heç olmasa qüvvətli bir Türk birliyini qurmalıyıq. Ancaq bunun üçün yalnız Türkiyənin deyil, digər Türk respublikalarının də möhkəm olması və ayaqda dayanması lazımdır”, deyə o, bəyan edib.
Atambayev, Türkiyə Böyük Millət Məclisi üzvlərinə Türkiyə türkcəsi ilə xitab edib. Bir qəbristanlıqdan bir-birlərinə kürəyini söykəyərək düşmənlərinə ox atan iki türk əsgərinin daşın üzərinə çəkilmiş şəkillərinin tapıldığını qeyd eden Atambayev, “Qardaşların həmrəyliyi elə buna deyilir. Bax, bu anlayış ilə ulu Türk xaqanlığı qurulmuş və 200 il ayaqda qalmağı bacarmışdır. Türk türkü kürəyindən vurmağa başlayanda o dövlət yıxılmışdır. Türk xaqanlığının sərhədləri, Çin səddindən Qaradənizə qədər uzanırdı. Türklər Orta Asiyanı fəth etdikdən sonra orada qaldılar və oranı qorudular” deyə bildirib.
“Keçmişə tapança ilə atəş etsən, gələcək sənə top ilə atəş edər” deyən Atambayev, keçmişin qorunmalı olduğunu söyləyib. İznikin mühasirəsi zamanı qırğız əsgərlərin şəhərin qapılarını heç kimə açmadığını bildirən Atambayev, “Orxan Qazinin on minlərcə əsgəri şəhid olmuşdu ancaq Orxan Qazi yalnız qırğız əsgərləri üçün türbə inşa etdirmişdi” deyə vurğulayıb. Atambayev bildirib ki, 1919-cu ildə düşmən orduları Anadolunu işğal edərkən başda qırğızlar olmaqla Orta Asiya xalqları köməklərini əsirgəməyiblər və 10 milyon qızıl yığıblar.
“O qızıllar bu günün puluyla milyardlarla dollar olardı. Ancaq dostluğu və sevgini pulla ölçmək olmaz. Türkiyə qırğızlar üçün səmada parlayan bir ulduzdur. Səma tutqun olsa belə, buludların arxasında bir ulduzun parladığını bilirik. Bu ulduz qardaşımız, dostumuz Türkiyədir”, – deyə Atambayev bildirib.
Qırğızıstanı kreditlər və maddi dəstək qarşılığında düz çökdürmək istəyənlərin olduğunu dilə gətirən Atambayev, “Ancaq biz türkük, köhnə türkük, heç zaman qul olmarıq. Hər bir türk üçün başını dik tutub ölmək diz çökən kölə həyatından daha yaxşıdır” deyib. Atambayev bildirib ki, hakimiyyətlərin gücü yalnız xalqların etibarından asılıdır. Əgər bu etibar yoxdursa, nə tüfəng, nə tapança, nə top, nə tankla iqtidarı qurtarmaq olmaz.
Atambayev “Ərəb baharının” əslində 2010-ci ilin aprel ayında ölkəsində başladığını deyib. O, həmçinin qırğızları Türk xalqlarının ən qədimi kimi xarakterizə edib.
“Türkiyə bizim Ana Vətənimizdir. Ancaq dostlar, bunları bilək: Anadoluya gəlmək üzrə atalarımızın yola çıxdıqları bir yer var. O da AtaVətəndir. Ata-babalarımız haradan gəldi? Qırğızıstandan. Türkiyə üçün bu torpaqlarda şəhid olan atalarımızı unutmarıq”, – Qırğızıstan prezidenti qeyd edib.
Türkiyə prezidenti Abdullah Gül və baş naziri Rəcəb Tayyib Ərdoğanın Qırğızıstana nə qədər çox kömək etmək istədiklərini bildiyini dilə gətirən Atambayev, “Ulu Türk xaqanlığını qura bilməsək belə, heç olmasa türk dövlətlərinin qardaşlığını inkişaf etdirməliyik, qüvvətli bir türk birliyini qurmalıyıq. Ancaq bunun üçün yalnız Türkiyənin deyil, digər türk respublikalarının da möhkəm və ayaqda dayanması lazımdır. İqtisadi cəhətdən inkişaf etmiş və güclü dövlətlər olmalıdır”, – deyə danışıb.