Azərbaycan iqtisadiyyatı kimin əsarətindədir

Ölkə niyə hər dəfə iqtisadiyyatı azad olmayan ölkələr sırasına düşür

Azər Mehtiyev: «Iqtisadiyyatda inhisarçılığın və korrupsiyanın səviyyəsinin yüksək olması Azərbaycanın iqtisadi azadlıq indeksini aşağı salır»

Azərbaycan növbəti dəfə nüfuzlu beynəlxalq təşkilatın açıqladığı siyahıda ürəkaçmayan yerdə qərarlaşıb. 2011-ci il üzrə dünyada iqtisadi azadlıqların səviyyəsinə görə Azərbaycan 183 ölkə arasında 92-ci yeri tutub. “The Heritage Foundation” beynəlxalq təşkilatının və “The Wall Street Journal” nəşrinin dəstəyilə hazırlanan hesabatda Azərbaycanın qonşuları Gürcüstan 29, Ermənistan isə 36-cı yeri tutub. Azərbaycanın siyahıdakı qonşuları isə Zambiya (91) və Mərakəşdir (93).
Azərbaycanın bu mövqedə olmasının səbəblərinə iqtisadçı ekspert Azər Mehtiyevlə aydınlıq gətirdik.
A.Mehtiyev vurğuladı ki, bir sıra kriteriyalara görə Azərbaycanın vəziyyəti daha da acınacaqlıdır. Məsələn, aparılan araşdırmaya görə, Azərbaycan iqtisadiyyatı azad olmayan ölkələr sırasına daxil edildiyi halda, Ermənistan və Gürcüstan nisbətən azad iqtisadiyyata sahib ölkələr sayılırlar: “Ölkələrin iqtisadi azadlıqlarının səviyyəsi 10 göstərici üzrə qiymətləndirilir. Bəzi göstəricilərə görə  Azərbaycanın durumu daha pisdir. Bu göstəricilər əsasən mülkiyyət hüquqları və korrupsiyanın səviyyəsi ilə bağlıdır. Azərbaycan mülkiyyət hüquqlarının səviyyəsinə görə 143-cü, korrupsiyaya görə isə 136-cıdır. Azərbaycanda bu iki məqamla bağlı vəziyyətin necə olduğu hamıya məlumdur. Digər hesablamalar əmək bazarındakı duruma, ticarət və investisiya azadlıqlarına görə aparılıb”.
Azərbaycan iqtisadiyyatında inhisarlaşmanın ciddi problem olaraq qaldığını deyən A.Mehtiyev vurğuladı ki, inhisar olan yerdə isə iqtisadi azadlıqlardan danışmaq qeyri-mümkündür. Azərbaycan iqtisadiyyatında olan inhisarçılığın kökündə siyasi hakimiyyətin dayanmasının vəziyyəti bir qədər də qəlizləşdirdiyini söyləyən iqtisadçı dedi ki, iqtisadi azadlıqların ilk prinsipi siyasi hakimiyyətlə iqtisadiyyatın ayrı olmasının vacibliyidir: “Iqtisadi hakimiyyət siyasi hakimiyyətin əlində cəmləşəndə və ya tərsinə olanda bu ölkədə hər hansı azadlıqdan danışmaq mümkün deyil. Məhz bu məqamlar Azərbaycanın iqtisadi azadlıq indeksinin pis olmasına gətirib çıxarır”.

Xəyal