Elza Kərimova “Azadlıq”a şok məktuda oğlunun həbsilə bağlı konkret ad açıqladı
Təhsil Nazirliyi iqtisadiyyat şöbəsinin müdir müavini, şair Əli Kərimin oğlu Orxan Kərimovun istintaqı yekunlaşıb və ona yeni məzmunda ittiham elan olunub. Vəkil Ramiz Məmmədovun sözlərinə görə, Orxan Kərimov təqsirləndirilən digər şəxslərlə birlikdə 116 min manat rüşvət almaqda ittiham olunur. Vəkil bildirib ki, əlavə iki nəfər istintaqa cəlb olunub. “Həmin şəxslər mətbəə işçiləridir və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlardan biri həbs edilib”,- deyə Ramiz Məmmədov əlavə edib.
Yanvarın 10-da Bakı Istintaq Təcridxanasında Orxan Kərimovla görüşdüyünü deyən vəkil bildirib ki, müstəntiqlər orada istintaqın yekunlaşması haqda qərarı elan ediblər: “Orxan Kərimova yeni məzmunda ittiham verildi. O, yenə də Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma – passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur. Indi işə küllü miqdarda rüşvət alma və təkrar rüşvət alma bəndləri əlavə olundu”.
Ramiz Məmmədov deyib ki, Orxan Kərimov istintaqa yenidən ifadə verərək bildirib ki, ona əvvəllər verilən ittihamla bağlı indiyədək demədiyi çox ciddi bir arqumenti açıqlamaq istəyir: “Istintaqın əvvəlində Orxan Kərimov 2009-cu ilin avqust-sentyabr aylarında rüşvət almaqda günahlandırılırdı. Yanvarın 10-da istintaqa ifadə verəndə bildirdi ki, bu ittihamın heç bir əsası yoxdur. Çünki 2009-cu ilin iyun ayında cərrahiyə əməliyyatına məruz qalıb. Avqustda isə Azərbaycanın hüdudlarından kənarda olub. Orxan Kərimov dedi ki, həmin müddətdə Azərbaycan sərhədindən kənara çıxması ilə bağlı sənədlər əldə olunsun, bunun üçün Dövlət Sərhəd Xidmətinə müraciət edilsin, sənədlər götürülsün. Əgər həmin sənədlər əldə olunsa, Orxan Kərimovun rüşvət almaqda günahlandırıldığı dövrdə Azərbaycanda olmadığı dəqiqləşər. Bu, çox ciddi məsələdir. Orxan Kərimov Azərbaycanda olmadığı müddətdə necə rüşvət ala bilərdi?! Istintaq bunu araşdırmalıdır”.
Vəkilin sözlərinə görə, Orxan Kərimova verilən yeni ittihamlar da əsassızdır: “Elan olunan qərarda da ittihamın ciddi əsaslarının olmadığı aydın formada görünür. Ümumilikdə Orxan Kərimov 2008-2010-cu illərdə rüşvət alma, bunu bilərəkdən təkrar törətməkdə ittiham olunur. Amma bütün bunlar əsassızdır. Çünki istintaq materiallarında və ittiham aktında rüşvəti kimdən, hansı şəraitdə alması, kimlərə verməsi ilə bağlı heç bir dəlil, sübut təqdim olunmayıb. Ona görə də istintaq davam etməlidir.
Əvvəllər cinayət məsuliyyətinə cəlb olunmuş Rafiq Hüseynov dəfələrlə vətəndaşlara özünü Orxan Kərimov kimi təqdim edib. Istintaq materiallarında buna zəif şəkildə olsa da eyham vurulub, amma tam araşdırılmayıb”.
Ramiz Məmmədov əlavə edib ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Bu arada Orxan Kərimovun anası Elza Kərimova “Azadlıq” qəzetinə növbəti məktubunu göndərib. Elza xanım bu məktubda artıq konkret ad açıqlayıb. Məktubu olduğu kimi təqdim edirik: “Respublikada korrupsiyaya qarşı mübarizə elan edilməsinə baxmayaraq, aparılan bu istintaq nəticə etibarı ilə həmin mübarizəyə zərbədir. Buraya təkrar-təkrar rüşvət alma ittihamı da əlavə edilib. Uzun illər törədilən cinayətlər cəmi 4 il nazirlikdə işləyən Orxan Kərimovun boynuna qoyulmuşdur. Bu qərar tamamilə absurddur və bu işə məsul olan əsas şəxs – Təhsil Nazirliyinin Aparat rəhbəri Ilham Pirməmmədovun hərəkətlərini ört-basdır etmək məqsədi ilə tərtib edilmiş saxta qərardır. Cinayətin episentri süni və qərəzli şəkildə Orxan Kərimovun üzərinə yönəldilib və bu qərarda heç bir sübut və mexanizm yoxdur. Ittihamla qəti şəkildə razı deyiləm və istintaqın obyektiv, qərəzsiz şəkildə davam etdirilməsini tələb edirəm. Hesab edirəm ki, Orxana qarşı irəli sürülmüş ittihamın arxasında böyük təsir mexanizmi durur. Mən Təhsil Nazirliyinin bu məsələ barədə konkret mövqe bildirməsini tələb edirəm. Əgər əvvəllər Orxan Kərimov ancaq 2009-cu ilin avqust-sentyabr aylarında qanunsuz köçürmələrlə və rüşvət almaqla (heç bir sübut olmadan) əlaqədar ittiham edilirdisə, yeni ittihama görə guya Orxan Kərimovun 2008-2010-cu illərdə təkrar-təkrar rüşvət aldığı bildirilir. Bu, ədalətsizliyin son həddidir. Ona görə mətbuat vasitəsilə Prezidentə müraciət edib ondan xahiş edirəm ki, məni qəbul etsin, qanunsuz tələbə köçürmələrinə qərar vermiş əsas məsul şəxslər mütləq məsuliyyətə cəlb edilsin, ədalətsizliyə son qoyulsun!”
Informasiya şöbəsi