Lənkəranın baş axundu ittihamlara cavab verdi

Hacı Qəni Axundzadə: «Bu, xaricdən maliyyələşən bir qrup adamın mənə qarşı apardığı kampaniyadır»

Ötən sayımızda Lənkəranın Kiçik Bazar adı ilə tanınan  “Hüseyniyyə” məscidində polislərlə dindarlar arasında qarşıdurma yarandığı barədə məlumat vermişdik. Hadisə ilə bağlı qəzetimizə məlumat verən yerli dindarlar bildirmişdilər ki, insidentin səbəbkarı Qafqaz Müsəlmanları Idarəsinin (QMI) cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Lənkəran şəhərinin baş axundu Hacı Qəni Axundzadədir. Sakinlərin dediyinə görə, polislər məscidə məhz Q.Axundzadənin müraciəti əsasında gəliblər. Səbəb “Hüseyniyyə”yə gələn dindarların məscidin icma rəhbəri – Həmdulla Əliyevi və axundu Hafiz Babayevi qəbul etməməsidir.
Onların sözlərinə görə, H.Babayev bir neçə il əvvəl məhkəmənin qərarı ilə məscidin axundluğundan uzaqlaşdırılıb. Lakin sonradan onu Hacı Qəninin əliylə məscidə axund təyin ediblər. Sakinlər onu da əlavə etmişdilər ki, 160 dindar dekabrın 19-da QMI sədri Allahşükür Paşazadə və Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucova məktub göndərsə də, hələ ki, qarşı tərəfdən cavab gəlməyib. Qeyd edək ki, məlumatda Q.Axundzadənin yanvarın 9-da məscidə gəlib dindarları təhqir etməsi ilə bağlı yer alan məqam yerli sakinlərin sözləri yox, qəzetimizin yol verdiyi texniki xəta idi.
Dünən Hacı Qəni Axundzadə ilə söhbət edib məsələ ilə bağlı onun da mövqeyini öyrəndik. Q.Axundzadə baş verənlərin son vaxtlar ona qarşı başladılmış kampaniyanın tərkib hissəsi kimi qiymətləndirdi: “17 ilə yaxındır xidmətdəyəm. Bütün işlərimizi Qafqaz Müsəlmanları Idarəsinin nizamnaməsinə uyğun qurmuşuq. Əvvəlcə onu deyim ki, polisin məscidə mənim müraciətim əsasında gəlməsi tamamən yalan və böhtandır. Bu hadisədən xəbərim belə olmayıb. Allah şahiddir ki, mən dekabrın 9-da və 10-da Lənkəranda olmamışam. Bakıda, sonra da Cəlilabadda hüzr mərasimində olmuşam. Son vaxtlar mənə qarşı kampaniya başladılıb. Həmin adamlar xaricdən maliyyələşirlər, onları yaxşı tanıyıram. Kiçik bazar məscidində Hamlet Cabbarlı adlı şəxs var. Bu adam məscidi qeyri-qanuni yolla ələ keçirmək istəyir. Ətrafında bir qrup insan var ki, onları əvvəlcə işçi kimi götürür, sonra da namazqılan eləyir. Kim Lənkəranda din xadimi olmaq istəyirsə, buna Hamletin razılığı olmalıdır. Ondan sonra o adam din xadimi ola, icma yarada bilər. Özü iş adamıdır, obyektləri var. Onun ticari fəaliyyəti ilə işim yoxdur. Amma məqsədi odur ki, ağsaqqal o olsun, söz sahibi olsun. Bütün bu kampaniyanı təşkil edən də onun ətrafındakı bir qrup insandır. Təmiz uşaqları ətrafına yığır. Onlar da siyasətsiz uşaqlardır. Nə dini durumdan başları çıxır, nə də icmanın nə olduğunu bilirlər”.
Hafiz Babayevə gəlincə, Q.Axundzadə onun çox ləyaqətli din xadimi olduğunu deyir: “Onun heç bir məhkəmə işi olmayıb. Ona hörmətsizlik edirlər. Hər şeyi də Hamlet təşkil edir. Bu illər ərzində mən öz adımla tanınmışam, heç kimdən də çəkinmirəm. Başqa idarələrdə iş 6-7-yə qədər davam edirsə, mən 12-yə qədər işdəyəm, xalqın içindəyəm, hüzr mərasimindəyəm. Mənim üçün ikili standart yoxdur. Kim qapımı döyürsə, qapım üzünə açıqdır. Kiçik bazar məscidinə isə bir ilə yaxındır getmirəm. Məscidin Qafqaz Müsəlmanları Idarəsi tərəfindən təyin edilən axundu var. Onların axundla, icma rəhbəri ilə nə problemləri varsa, məni ortaya atmasınlar. Bütün bunlar mənə qarşı hazırlanmış qərəzli, məkrli addımlardır”.
160 nəfərin imzaladığı müraciətə gəlincə, Q.Axundzadə bunun da H.Cabbarlının işi olduğunu deyir: “Əksəriyyəti onun işçiləridir. Çoxları da heç bilmir nəyə imza atıb”.

Gültəkin