Hurşit Tolon da dövlət çevrilişində şübhəli bilinir
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkənin keçmiş baş qərargah rəisi general Ilkər Başbuğun həbsi barədə danışıb. Məsələnin hüquqi proses olduğunu bildirən Ərdoğan bu müddətdə olayla bağlı fikirlərini açıqlamasının doğru olmayacağını deyib: “Bu məsələ barədə hüquqi proses başlayıb. Bu səbəbdən mənim bir söz deməyim düzgün olmaz”.
Bununla belə, baş nazir deyib ki, istintaq getdiyi müddətdə Ilkər Başbuğun azadlıqda olmasının tərəfdarıdır: “Baş qərargah rəisi və baş nazir kimi, birlikdə işlədiyim iş yoldaşımdır. Araşdırmalar getdiyi müddətdə şəxsin barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi mənim həmişəki arzumdur”.
Ərdoğanın bu açıqlamasında sonra hərbçilərə qarşı həbs dalğasının azalacağını düşünənlərin gözləntiləri özünü doğrultmayıb. Ötən gün Türkiyədə daha bir general həbs edilib. Təqaüddə olan general, Egey qoşunlarının keçmiş komandanı Hurşit Tolon da hərbi çevriliş hazırlamaqda ittiham olunur. Yayılan məlumatlara görə, 2010-cu ildə Türkiyə Silahlı Qüvvələri hökumətin devrilməsi məqsədilə “Balyoz” planı hazırlayıb. Həmin plana görə, ordu Istanbuldakı məscidlərdə elə hərbçilərin özlərinin törədəcəyi partlayışlar, Hərbi Muzeyə hücum və Türkiyənin bir neçə qırıcı təyyarəsinin məhv edilməsilə ölkədə yaranacaq qarışıqlıqdan sonra hökuməti devirmək fikrində olub. Çevrilişdən sonra kütləvi həbslər başlamalı idi. Hələ 2002-2003-cü illərdə tərtib olunmuş plana sabiq general Çetin Doğan imza atıb. Sənədin müəllifləri “Ergenekon” planında da iştirakda şübhəli bilinirlər. Xatırladaq ki, “Ergenekon” planı da hökuməti devirmək məqsədi daşıyıb. Həmin plana 200-ə yaxın siyasətçi, jurnalist, hüquqşünas, yüksək çinli hərbçi və polis cəlb olunub.
Informasiya şöbəsi