Doğrudan, neft bizim nəyimizdir: bolluğumuz, yoxsulluğumuz; bir millət olaraq o bizə nə verir? Biz ondan necə yararlanırıq? Bu yöndə düşünmək bizim hamılıqla borcumuzdur: neftçinin də, neftçi olmayanın da; siyasətçinin də, siyasətlə uğraşmayanın da. Axı, neft bizim başlıca strateji varımızdır. Hər bir millətin strateji varı o millətin bütünü deməkdir, millətin o varla bağlı bütünlüklə düşünməyi gərəkdir. Bizdə bu varmı? Yox. Bizdə neft hakimiyyəti çevriliş yoluyla ələ keçirmiş bəlli bir qrupun özəl varına çevrilib. Onlar bu varın yaratdığı olanağdan yararlanaraq… millətə diz çökdürürlər!
“Azadlıq”da Fəraməz Məmmədov adlı bir neft uzmanının çox dəyərli, çox gərəkli yazısı çıxıb (5.1.12.). Mən bu çox dəyərli, çox gərəkli yazıya görə F.Məmmədovu YÜZ yol alqışlayıram. Mən bu çox dəyərli, çox gərəkli yazıya görə F.Məmmədovu MIN yol qınayıram!
Yazının girişindən bir parçanı bura köçürməyi gərəkli sayıram: “Fəraməz Məmmədov neft strategiyasının təkmilləşdirilməsilə bağlı ARDNŞ prezidenti Rövnəq Abdullayevə açıq məktub ünvanlayıb: ”Neft emalı üzrə 100 illik təcrübəsi, elmi, kadr potensialı olan bir ölkədə nefti xammal kimi satmaq böyük səhvdir. Mən 45 il neft-kimya müəssisələrində – ondan 25 ilini Bakı Şin zavodunda, 20 ilini isə “Azərneftyağ” Istehsalat Birliyində rəhbər vəzifələrdə işləmişəm. Neft elə bir xammaldır ki, onun ən yüksək dəyərini çoxmərhələli emal prosesləri tətbiq etməklə daha dəyərli məmulatların istehsalını təşkil etmək olar. Bununla həm də qeyri-neft sənayesi sahələrini inkişaf etdirmək olar”.
Bütünlüklə doğrudur. Bunları, hələ bunlardan xeyli artığını mən də bilirəm. Hardan bilirəm?
Bir ara mən (70-80-ci illər arası) V.I.Lenin adına Neftayırma zavodunun “Neftayıran” qəzetində işləmişəm. Qəzetində işlədiyim neftayırma zovodu Sovet dönəminin bu tip ən böyük, ən güclü, ən qabaqcıl zavodlarından idi. Bu zavodda neftdən nələr alınmırdı?! Zavoddakı bir sıra çatışmazlıqlarla bağlı qəzetdə gedən kəskin qınaq yazılarıma görə zavod başqanlığı ilə aramızda toqquşmalar olmuşdu. Burası olduqca ilginc görsənişdir: onlar mənim yazılarımdan nələrisə öyrəndiklərini deməklə yanaşı, neft gizlinləri ilə bağlı mənə nələrisə öyrətməyi də özlərinə borc bilirdilər. Onlar mənə inandıqlarına görə, ikilikdə bir sıra gizlinləri dilə gətirməkdən çəkinmirdilər. O gizlinlərdən o adamların Azərbaycana sevgiləri ortaya çıxırdı. Ortaya çıxan faktlardan göründüyü kimi, onlar – o çağın bir çox azərbaycanlı neft uzmanları – Sovet yönətim sistemi içində Azərbaycana sevgilərini qoruyub saxlayırdılar. Onlar neftin yalnız bu gün üçün deyil, gələcəyimiz üçün də gərəkli olduğunu dönə-dönə vurğulayır, bu yöndə bacardıqlarını edirdilər.
Bu gün Azərbaycanda Sovet hakimiyyəti yoxdir. Bu gün Azərbaycanda sovet hakimiyyətindən qat-qat artıq Azərbaycana düşmən hakimiyyət – Heydər Əliyev hakimiyyəti var. Azərbaycana yananları deyil, Azərbaycana yamanları hər yerdə iş başına gətirmək bu hakimiyyətin yanlışı deyil, ölkəyə, millətə, dövlətə dönüklüyüdür. F.Məmmədov bu sayaq antimilli siyasətləri anlamadığından yazır: “Neft emalı üzrə 100 illik təcrübəsi, elmi, kadr potensialı olan bir ölkədə nefti xammal kimi satmaq böyük səhvdir”.
Yox, bu, yanlışlıq deyil, dönüklük-xəyanətdir. Azərbaycanın sovet dönəmindən qalma qabaqcıl neft sənayesini qoruyub saxlamaqla, hansısa köklü yeniliklər etmədən belə, geniş iş yerlərini saxlamaq, ölkəyə milyardlarla dollarlıq gəlir gətirmək olardı. Ancaq nə oldu? F.Məmmədovun özünün də göstərdiyi kimi, 1993-dən sonra zavodlar dağıdıldı: bilə-bilə, planlı olaraq – millətə diz çökdürmək üçün.
F.Məmmədov yazısında bp-yə də yol göstərir. Çevrilişlər yoluyla hakimiyyətlər quran bp-yə yol göstərmək gülüncdür! Neftə gəlincə, onun bir başlıca yiyəsi var: başqa prezident – baş prezident! Satan da odur, satdıran da!