Metropulu uğrunda rəis-nazir toqquşması güclənir
Tağı Əhmədov metroda vahid kart sisteminin tətbiq edilməyəcəyini, Ziya Məmmədov isə ediləcəyini bildirir
Hələ bir müddət əvvəl “Azadlıq” qəzeti məlumat yaymışdı ki, nəqliyyat naziri Ziya Məmmədov Bakı Metropolitenini ələ keçirməyə çalışır. Və bu istiqamətdə aktiv fəaliyyətə başlayıb. O, hətta bu iddiasını “yuxarılar”ın da diqqətinə çatdırıb.
Ziya Məmmədov bildirib ki, Bakı Metropoliteninin Nəqliyyat Nazirliyinin tərkibinə daxil edilməsi daha məqsədəuyğundur. Nazir bu fikrini sərnişindaşımada vahid kart sistemi ilə əsaslandırıb. Ziya Məmmədov deyib ki, əgər vahid kart sisteminə keçiləcəksə, bu zaman Bakı Metropoliteninin Nəqliyyat Nazirliyinə tabe etdirilməsi zərurəti yaranacaq. Nazir bununla həm də düşünüb ki, hakimiyyətdə kifayət qədər güclü dayaqları olan Tağı Əhmədovu metropolitendən uzaqlaşdıra bilməsə belə, metronun maliyyəsinə nəzarəti ələ keçirəcək.
Artıq Ziya Məmmədovla Tağı Əhmədov arasındakı bu mübarizə açıq müstəviyə keçib. Bir neçə gün əvvəl Tağı Əhmədov bildirmişdi ki, metroda vahid kart sistemi tətbiq edilməyəcək. Nəqliyyat Nazirliyindən isə metropoliten rəisinə cavab gecikməyib. Qurumun mətbuat katibi Namiq Həsənov anspress.com-a müsahibəsində Tağı Əhmədovun mövqeyinə gülərək (xəbər portalı Namiq Həsənovun güldüyünü xüsusi qeyd edib) belə cavab verib: “Vallah mən Tağı Əhmədovun bu fikrini eşitməmişəm, amma bütün dünyada universal çip kartlar var. Bu kartlardan bütün nəqliyyat vasitələrində gediş haqqının ödənilməsində istifadə olunur. Bu kart, yaxud başqa kart nə fərqi var. Mən onu bildirirəm ki, biz universal ödəmə kartlarına keçəcəyik. Nəqliyyatın bütün növləri üzrə elektron-kart ödəmə sistemi tətbiq olunacaq və kartlar müəyyən yerlərdə quraşdırılmış post-terminallar vasitəsilə doldurulacaq. Bu barədə hələ danışmaq bir az tezdir, amma bu istiqamətdə işlər gedir”.
Informasiya şöbəsi