Lənkəran məscidində insident

“Lənkəranın Kiçik Bazar adlanan Hüseyniyyə məscidində ötən gün polislərlə dindarlar arasında toqquşma baş verib” – bu xəbər sosial şəbəkələrdə yayılıb. Araşdırmalar zamanı olayın təfərrüatlarını öyrəndik.
“Azadlıq”a məlumat verən rayon sakinlərinin dediyinə görə, insidentin səbəbkarı Qafqaz Müsəlmanları Idarəsinin (QMI) cənub bölgəsi üzrə qazisi, hamının Sədi kimi tanıdığı Qəni adlı şəxsdir. Belə ki, qazinin müraciəti əsasında polislər sözügedən məscidə gəlib. Səbəb isə Hüseyniyyəyə gələn dindarların məscidin rəis və axundunu qəbul etməməsidir. Məscidin rəisi Həmdullanı və axundu Hafizi dindarlar qəbul etmir. Dindarlar məsciddə Hafizin xütbə oxumasının əleyhinədir: “Axund Hafiz bir neçə il əvvəl məhkəmənin qərarı ilə məscidin axundluğundan uzaqlaşdırılıb. Ancaq tez bir zamanda onu Qəninin əliylə məscidə axund təyin ediblər. Əliağa adlı şəxs isə axundluqdan çıxarılıb. Halbuki Əliağanın atası da müştəhid olub. Yanvarın 9-da axşam saatlarında dindarlar öz aralarından xütbə oxumaq üçün Vüsal adlı şəxsi seçiblər. Vüsal xütbə oxuyanda isə Qəni məscidə gəlib. Dindarları təhqir edib və bildirib ki, burda onun sözü keçir. Ya hamı onu eşitməli, ya da məscidə gəlməməlidir. 160 dindar dekabrın 19-da QMI sədri Allahşükür Paşazadə və Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucova məktub göndərsələr də, hələ ki, heç bir cavab gəlməyib”.
Yanvarın 10-da 5 polis maşını məscidə gəlib. “Rəis və axundun məqsədi dindarlarla polis arasında xoşagəlməz hal yaratmaqdır. Dindarlar dövlətə sadiq insanlardır. Lənkəran şəhərindən üç Milli Qəhrəman çıxıb. Hər üçü də Kiçik Bazardandır” – deyə, məlumatı verən şəxs sonda qeyd edir.

Ramin DEKO