Əliyevin insan haqları planında nələr çatışmır?

Hüquq müdafiçilərinin Milli Fəaliyyət Planı ilə bağlı təklifləri var

Dünən bir qrup hüquq müdafiəçisi – Eldar Zeynalov, Zəlihə Zeynalova, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Əvəz Həsənov, Səadət Bənənyarlı bir araya gələrək ötən ilin sonlarında prezidentin təsdiqlədiyi “Azərbaycanda insan hüquq və azadlıqlarına dair” Milli Fəaliyyət Planı ilə bağlı geniş müzakirə təşkil etdilər. Məqsəd, bu sənədin Azərbaycanda insan haqlarının vəziyyətinə müsbət təsir edib-etməyəcəyini müəyyən etmək və onun səmərəliliyini artırmaq üçün təkliflər vermək idi.
Əvəz Həsənov bildirdi ki, sənədin effektivliyini artırmaq üçün təkliflər hazırlayıblar və bu təkliflər yaxın günlərdə mətbuata təqdim olunacaq: “Burada oturan hüquq müdafiəçiləri bu sahədə kifayət qədər təcrübəsi olan adamlardır. Sənədin səmərə verməsi üçün Milli Fəaliyyət Planının icrasını həyata keçirəcək İşçi Qrupuna bu hüquq müdafiəçiləri də daxil edilməlidir”.  
Azərbaycanda özbaşınalığın baş alıb-getdiyini deyən Novella Cəfəroğlu bildirdi ki, hüquq müdafiəçiləri fəaliyyət planının bu özbaşınalığın qarşısını almaq üçün yararlı olub-olmayacağını bilmək istəyir: “Ölkədə məmur özbaşınalığı artan xətt üzrə gedir. Hakimiyyət nümayəndələri hər addımda vətəndaşlara problemlər yaradırlar. Mülkiyyət pozuntularının sayı-hesabı yoxdur. Əyalətlərdə qanunsuzluq pik həddə çatıb. Camaatı döyürlər, həbs edirlər. Belə bir sənədin qəbulu çox yaxşı haldır. Bu sənəd insanların hüquq və azadlıqlarının müdafiəsinə geniş imkanlar açır. Amma biz bilmək istəyirik ki, bu sənədin vəziyyətin düzəlməsinə təsiri olacaq ya yox? Onun icrasına kim nəzarət edəcək? Ona görə kim cavabdehlik daşıyacaq? Orada əksini tapan müddəaları pozan məmurlar cəzalandırılacaqmı? Sənəddə bu barədə heç nə yoxdur”.  
N.Cəfəroğlu İşçi Qrupunda təmsil olunmaq istədiklərini və bunun insan haqları sahəsində durumun normallaşması üçün önəmli olacağını hesab edir.
Səidə Qocamanlı hesab edir ki, İşçi Qrupunda təmsil olunmaları obyektiv qiymətləndirmə aparmaq üçün vacibdir: “Bu sənəd əvvəlkilərdən kifayət qədər fərqlənir. Burada insan haqları ilə bağlı bütün aspektlər nəzərə alınıb. İşçi Qrupunun daxilində hüquq müdafiəçilərinin işləməsi, onların dövlət qurumları ilə təması bir çox problemlərin həllinə kömək edə bilər. Biz o qurumda özümüzü görürük. Təcrübəmiz, apardığımız mübarizə imkan verir ki, İşçi Qrupunun işində ekspert kimi iştirak edək. Vətəndaşlara qarşı qanunsuzluq edən məmurların müəyyən edilməsində qiymətləndirməmizin böyük rolu ola bilər. Azərbaycanda İşçi Qrupunun nümunəsində belə bir təcrübə olub. Bu qrupun ilyarımlıq fəaliyyəti nəticəsində 100-dən çox məhbus azadlığa buraxılmış, sadə vətəndaşların çoxsaylı problemləri həllini tapmışdı”.
Eldar Zeynalov isə hesab edir ki, İşçi Qrupuna Ombudsmanın təmsil olunması yolverilməzdir: “Bu adam ötən illər ərzində bir dənə olsun işgəncə faktını açmayıbsa, o bu qrupda necə obyektiv qərar verəcək? Onun fəaliyyətinin səmərəsiz olduğu sübut olunub. Əgər müstəqil hüquq müdafiəçiləri bu prosesə cəlb olunmasa, bu o deməkdir ki, bu sənəd gözdən pərdə asmaq xatirinə təsdiqlənib”.
Zəlihə Zeynalova isə hesab edir ki, səmərəli nəticə əldə etmək üçün vətəndaşların fəallığına ehtiyac var. İnsanlar  hüquqlarının müdafiəsinə imkan verən bu sənədi qiymətləndirməli və məhkəmələrə müraciət edərkən buna istinad etməlidirlər”.
Sonda hüquq müdafiəçiləri Milli Fəaliyyət Planının icrası ilə bağlı təklifləri müzakirə etmək üçün prezident İlham Əliyevlə görüşmək istədiklərini bəyan etdilər.

Gültəkin