Cabbar Savalanlını universitetə bərpa etmək istəmirlər

Gənc fəal ABŞ səfirliyindəki görüşdə bu məsələni də qaldıracaq

Gənc fəal Cabbar Savalanlının Sumqayıt Dövlət Universitetinə bərpa olunması üçün yanvarın 5-də etdiyi rəsmi müraciətə qeyri-rəsmi cavab verilib. C.Savalanlının sözlərinə görə, məsələ ilə bağlı universitetdə olub və ümumi şöbənin rəhbəri ilə danışıb: “Dedilər ki, sənin universitetə bərpa olunduğun haqda Ədliyyə Nazirliyindən sənəd gəlməlidir. Görəndə ki, biz məlumatlıyıq və belə bir şeyin hüquqa zidd olduğunu bilirik, sözlərini dəyişdilər. Bu dəfə də dedilər ki, rektorla danışmalısınız. Hələ ki, məsələ açıq qalıb. Şübhəsiz ki, özləri bilərəkdən belə edirlər”.
C.Savalanlı ABŞ səfirliyinə dəvət edildiyini və dekabrın 12-də keçiriləcək görüşdə təhsili ilə bağlı məsələni də qaldıracağını bildirib.
Qeyd edək ki, Cabbar Savalanlı 2011-ci il fevralın 5-də tutulub, narkotik vasitəni əldə etmə və saxlamada təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il dekabrın 26-da prezident Ilham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. Həbs olunan zaman Sumqayıt Dövlət Universitetinin ikinci kurs tələbəsi olan C.Savalanlı 2011-ci ilin aprelində bu təhsil ocağından xaric edilib.

Gültəkin